KANAL24.AZ
Az Iw En Ru

Naftalan nefti əsasında hazırlanan məhsullar şəhər iqtisadiyyatının inkişafına təkan verəcək

Naftalan şəhərində 2017-ci ilin doqquz ayında ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 54,3 faiz artaraq 15 milyon 45 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi isə 10,5 faiz artaraq 1 milyon 502 min manat təşkil edib. Şəhər büdcəsi yerli mənbələrdən daxil olan gəlirlər hesabına 2 milyon 87,6 min manat planlaşdırıldığı halda, 2 milyon 326,1 min manat təşkil edib. Yəni nəzərdə tutulduğundan 11,4 faiz artıq olub.

Kanal24 AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Naftalan şəhərinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.

Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, 2016-cı ildən başlayaraq Naftalan şəhəri dünyada tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən gələn gəlirlər hesabına xərclərini təmin edən rayon və şəhərlərin sırasına daxil edilib.

Naftalan şəhəri həm müalicəvi nefti ilə xəstələrin müalicəsində daha effektiv nəticələr əldə olunmasına, həm də istirahət üçün burada yaradılan müasir turizm infrastrukturuna görə turistlər üçün cəlbedici kurort mərkəzinə çevrilib. Həyata keçirilən tədbirlər Naftalan şəhərini nəinki ölkəmizdə, eləcə də yaxın və uzaq xaricdə məşhurlaşdırıb. Məhz bunun nəticəsidir ki, 2017-ci ilin doqquz ayında Naftalanda dincələn və müalicə olunan turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz çox olub. 2017-ci ilin hesabat dövründə şəhərin turizm obyektlərində 27 min 402 turist qeydə alınıb ki, bunun da 6 min 538 nəfəri dünyanın 60-dək ölkəsindən gələn vətəndaşlardır. Xarici ölkələrdən gələnlərin sayı da 2016-cı ilin müvafiq dövrünə nisbətən 76 faiz artıb.

Hazırda şəhərdə fəaliyyət göstərən 3 və 5 ulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzi turistlərlə doludur. Bu turizm obyektlərində gün ərzində 2 min 200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.

Qeyd olunub ki, şəhərdəki turizm obyektlərində müalicə və istirahət üçün əlverişli imkanlar yaradılıb və müasir səviyyəli əyləncə mərkəzləri fəaliyyət göstərir. Turistlərin marağını nəzərə alaraq, onların mənalı istirahəti üçün Azərbaycanın digər bölgələrinə ekskursiyalar təşkil edilir. Bunun nəticəsidir ki, nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da şəhərə gələn turistlərin sayında artım müşahidə edilir.

“TurStat” analitik agentliyinə istinadən Naftalan şəhəri postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort yeri sayılıb. Bundan başqa, Özbəkistanın “Kultura.uz” portalında möcüzəli və şəfaverici Naftalan nefti haqqında rus dilində yayılmış geniş məqalədə Naftalanın MDB-nin ən yaxşı sanatoriyalarından biri kimi tanındığı bildirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və bu sahə üzrə müvafiq tapşırıqların icrası çərçivəsində Naftalan nefti əsasında məhsullar hazırlayan və yeni fəaliyyətə başlayan “Qətransız Naftalan məlhəmi” MMC-nin istehsal etdiyi məhsulların “Made in Azerbaijan” brendi altında xarici bazarlara ixracı şəhərin iqtisadiyyatının inkişafına və Naftalan neftinin tanıdılmasına əlavə təkan verəcək.

Yığıncaqda şəhərin bir sıra idarə, təşkilat və müəssisələrinin rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.


23:23 14.10.2017
Xəbər lenti
Bütün xəbərlər