KANAL24.AZ
Az Iw En Ru

İspaniya festivalında Azərbaycan “Nəfəs”i

“Nəfəs” adlı qısametrajlı Azərbaycan filmi İspaniyada film festivalında nümayiş olunacaq.

Kanal24 xəbər verir ki, bu barədə kulis.az-a filmin rejissoru Elnur Rzayev açıqlama verib.

“Ramiz Rövşənin “Nəfəs” şeirlər kitabı əsasında 2017-ci il aprel ayında sənədli film çəkilib. İlk dəfə Azərbaycan II Booktrailer festivalında yayımlanıb və birinci yerə çıxıb. Film 3 dəqiqə 27 saniyədən ibarətdir.

Filmin rejissorları Elnur Rzayev və Əli Mahmudludur. İlk qalibiyyətdən sonra “Nəfəs” filmi İspaniyanın Barselona şəhərində keçirilən FİCMA film festivalına göndərilib. FİCMA bu il 24-cü dəfə keçiriləcək və noyabrın 2-dən 10-na kimi davam edəcək.

Qeyd edək ki, FİCMA ( Festival İnternational de Cine del Medio Ambiente - Beynəlxalq Ekoloji Film Festivalı) festivalı 1993-cü ildən İspaniyanın Barselona şəhərində keçirilir. Bu il festivala ümumilikdə 2500-dən çox film göndərilib və bunların arasından 127 film seçilərək, fərqli kateqoriyalar üzrə finalçı olub.

“Nəfəs” müsabiqədənkənar “FOCUS - Global view” (beynəlxalq gerçəklik) bölməsində nümayiş olunacaq.

 


20:06 13.10.2017