KANAL24.AZ
Az Iw En Ru

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri bir araya topladı - FOTO

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyasının Mədəniyyət kanalının "Muğamat var olan yerdə" adlı birgə layihəsi çərçivəsində Azərbaycan Respublikasının əməkdar artisti Təyyar Bayramovla 4 cü Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Aytən Məhərrəmovanın konserti keçirildi.

Konsertdə ilk olaraq ansamblın ifasında "Çahargah dəramədi" səsləndi. Daha sonra səhnəyə ifaçılar çıxaraq ilk olaraq Muğam kompozisiyasını ifa etdilər. Əfrasiyab Bədəlbəylinin "Dumanlı Təbriz" pyesindən Qönçələbin mahnısı, "Bayatı-Şiraz" təsnifi (Dənizdə qağayım, ağ yelkənimsən), Ələkbər Tağıyev və Süleyman Rüstəmin "Sədaqətim var", Əlibaba Məmmədov və Əliheydər Qəmbərovun "Şadlanasan, güləsən", Bəhram Nəsibovun "Qal sənə qurban", Kərkük xalq mahnısı "Ninnə yarım", "Segah" təsnifi, Məmmədbağı Bağırzadə və Zivər Ağayevanın "Qarabağ", Rauf Hacıyev və Ənvər Əlibəylinin "Azərbaycan" mahnıları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı. Gecəyə Əməkdar artist, bədii qiraətçi Azad Şükürovun ifalar arasında səsləndirdiyi qəzəllər xüsusi rəng qatdı. Gecə tamaşaçıların gur alqışları ilə başa çatdı.

Qeyd edək ki, layihə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan televiziyasının Mədəniyyət kanalının birgə həyata keçirdiyi layihələrdəndir. Mərkəzin "Sirlər xəzinəsi", "Etnik musiqi inciləri" və "Muğam axşamları" layihələri musiqisevərlər tərəfindən maraqla qaşılanır və sevilir.

Beynəlxalq Muğam Mərkəzinin ötən mövsümdə start verən və uğur qazanan "Muğam axşamları" layihəsinin ikinci mərhələsi oktyabrın 11-də başlayaraq dekabrın 27-nə dək davam edəcək. Layihənin bu mərhələsində "Mahur-Hindi", "Bayatı-Kürd"(11 oktyabr), "Orta Mahur", "Rahab"(1 noyabr), "Bayatı-Qacar", "Şahnaz"(15 noyabr), "Qatar", "Dəşti", "Mirzə Hüseyn Segahı"(29 noyabr), "Xaric Segah"(6 dekabr) muğamları, "Heyratı", "Mənsuriyyə", "Qarabağ şikəstəsi", "Osmanlı", "Heydəri", "Simayi-Şəms"(15 dekabr), "Ovşarı", "Arazbarı"(27 dekabr) kimi zərb muğamları səslənəcəkdir.

 

01:59 08.10.2017