KANAL24.AZ
Az Iw En Ru

Xorvatiya yığmasına yeni baş məşqçi təyin olunub

Xorvatiya futbol birliyi Ante Çaçiçin ölkənin yığma komandasının baş məşqçisi postundan getdiyini elan edib.

Bu qərar Finlandiya komandası ilə heç-heçə (1:1) başa çatan və bununla da Xorvatiya yığmasının 2018-ci il dünya çempionatında iştirakını təhlükə altına qoyan ev oyunundan sonra qəbul edilib.

Komandanın yeni baş məşqçisi bundan əvvəl Birləşmiş Əmirliyin “Əl-Ayn” futbol komandasında çalışmış 50 yaşlı Zlatko Daliçdir.

Oktyabrın 9-da Xorvatiya yığması Kiyevdə Ukrayna komandası ilə seçmə turnirin həlledici oyununu keçirəcək. “I” qrupunun cədvəlində xorvatlar ikinci yerdə qərarlaşıb. Liderlik edən İslandiyadan iki xal geri qalan xorvatların aktivində xalları ukraynalılarla eynidir.

Çaçiç Xorvatiya yığmasına 2015-ci ilin sentyabrından rəhbərlik edib və komanda ilə “Avro-2016”nın səkkizdəbir finalınadək irəliləyib. Xatırladaq ki, xorvatlar həmin oyunda Portuqaliya yığmasına 0:1 hesabı ilə uduzublar.


01:42 08.10.2017