KANAL24.AZ
Az Iw En Ru

İDMAN 6 yaşında maşın təmizləyən, çörək dilənən - Çilinin ən bahalı futbolçusu

Biz onu Çili futbol tarixinin ən bahalı oyunçusu kimi tanıyırıq. Hazırda çıxış etdiyi "Arsenal"ın da ən çox maaş ödədiyi məhz Aleksis Sançezdir.

Kanal24 sizə 6 yaşında maşın silən, pul qazanmaq üçün günü küçələrdə keçən, aclıqdan qonşularından çörək istəyən Sançezin tragik hekayəsini təqdim edir:

Sançez Amerikanın şimalı ilə müqayisədə daha kasıb olan cənub hissəsində, Çilidə dünyaya gəlib. "Torpağın bitdiyi yer" adlandırılan Çilidə həyat şərtləri çox ağır idi. Tokopillada yaşayan Sançezin də ailəsi həm maddi, həm də mənəvi baxımdan çətin günlər keçirirdi. Ailənin 4 uşağından biri olan Aleksis uşaq yaşda pul qazanmaq üçün küçələrə atıldı. O qədər kasıb ailədə yaşayırdı ki, tək başına çörəyini qazanmağa məcbur qalmışdı. Qardaşı Umberto həmin günləri belə xatırlayır: "Çox kasıb idik. Aleksis 6 yaşında evə pul gətirmək məcburiyyətində idi. Ya əlindəki parça ilə maşınları silər, ya da küçədəki insanları əyləndirən hərəkətlər (salto və s.) edərdi"...

Yaşca kiçik, ruhən böyük adam... Bəzən insanları əyləndirərkən hərəkət etməyə belə halı qalmırdı. Cibində pulu olmadığı üçün qonşuların qapısını döyüb onlardan çörək istədiyi də az olmamışdı. Atası onları atıb gedəndən sonra, anası Martina balıq təmizləyərək uşaqlarını böyütməyə çalışırdı. Əlavə olaraq da, 1 çörək artıq alsın deyə, küçədə gül satardı.

Sançezin məktəbdə işləri o qədər də yaxşı getmirdi, oxumaqla heç arası yox idi. Bütün fikri topla oynamağın yanında idi. Tənəffüzlərdə topla oynamağı az imiş kimi, bunun üçün dərslərdən belə qaçırdı. Vəziyyətdən şikayətçi olan anasına: "Narahat olma, ana. Mən futbolçu olanda biz çox varlı olacağıq, mən sənə istədiyin hər şeyi alacam" deyirdi uşaq ağlı ilə...

Palçıqlı, kəsəkli küçələrdə ayaqyalın top oynayacaq qədər çox sevirdi futbolu. Həm də yaşıdları ilə yox, böyüklərlə oynayırdı. Çoxlu zədələr alsa da, dayanmaq bilmirdi. Top qonşuların həyətinə düşəndə, maşının altında alanda ya da ağac budaqlarına ilişəndə onun arxasınca həmişə Aleksis gedərdi. Məhəllədəkilər tərəfindən "sincab" adlandırılmasının da səbəbi bu idi.

Bir müddət sonra futbol bacarığı ilə yaşadığı ərazidə hər kəsin dilinə düşdü. Qısa boyu, idmançı görünüşü, cəldliyi və sürəti onun barmaqla göstərilən uşaq olması üçün bəs etmişdi. Tokopillada artıq hamı onu tanıyırdı. Ona ilk futbol ayaqqabısını da bələdiyyə başçısı olmuşdu.

 

16 yaşında "Cobreloa" komandası ilə müqavilə imzalayanda sevincinin həddi-hüdudu yox idi - anasına verdiyi sözü tutacaqdı. Ordakı məşqçisi Aleksis haqqında belə demişdi: "Hər gənc oyunçunun çatışmayan bir cəhəti olur. Ancaq Sançezdə hər şey tam idi. Bacarıqlarının sərhəddi yox idi".

Məşqçisi haqsız sayılmazdı. 2017-ci ildə "Udinese" (İtaliya) tərəfindən kəşf edilən Sançez dünyaya açıldı. İcarə ilə "Colo Colo" və "River Plate" formalarını geyindikdən sonra İtaliyaya qayıdan Sançez burda da özünü ən yaxşı tərəfdən göstərməyi bacardı. Və budur, dünyanın ən güclü klublarından olan "Barcelona" onu heyətinə qatdı. Sançez, həm də "Barcelona"nın transfer etdiyi ilk çilili futbolçu olur. 2014/15 mövsümündən "Arsenal" tərəfindən transfer olunan futbolçu hələ də "topçular"ın formasını geyinir. O həm də bahalı transferləri ilə gündəm olan PSG-nin hədəfindədir. 

Xəyalının ardınca getməsəydi, bəlkə də, əlindəki parça ilə maşın silməyə davam edirdi. Bu da olmasa, bir çox çilili kimi balıqçılıq edər, ağır şəraitdə mədəndə işləyərdi. Ancaq o, anasına verdiyi sözü tutacaq qədər qərarlı, hamının adlandırdığı kimi desək "möhtəşəm uşaq" idi. 

Hardan gəldiyini unutmayan Sançez indi də ordakı gənclərə maddi dəstək olur. Tokopillada idman zalı və məktəb tikdirib. Həmin vaxt həyatı boyunca fəxr edəcəyi hadisə oldu. Onun ayaqyalın topla oynadığı, aclıqla boğuşduğu küçəyə "Aleksis Sançez küçəsi" adı verildi. Karyerasında saysız uğurlar qazanan insanı da uzun illər sonra ağladan tək şey bu ola bilərdi...


01:48 06.10.2017
Xəbər lenti
Bütün xəbərlər