KANAL24.AZ
Az Iw En Ru

Şamaxıda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şamaxı şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Şamaxıda bir sıra mühüm tədbirlər həyata keçirilib, o cümlədən Müalicə-Diaqnostika Mərkəzi, Şəhər İncəsənət Təhsil Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 3 yaşayış binası inşa edilib, Olimpiya İdman Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, ən müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilib, şəhərin içməli su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal müəssisələri yaradılıb, 15 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda qeyd olunur ki, Şamaxı şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 43 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb


01:17 05.10.2017