KANAL24.AZ
Az Iw En Ru

Fərhad Xəlilovun yaradıcılıq gecəsi keçirildi

YARAT Friends platforması öz eksklüziv tədbirlərini davam etdirir. Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun yaradıcılıq gecəsi keçirilib.

Şübhəsiz ki, Fərhad Xəlilovun Abşeron motivlərilə dolu təkrarolunmaz əsərləri hərkəs üçün tanışdır. Çünki rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Abşeronun əsrarəngiz təbiət görüntüləri, çimərlikləri, həmçinin Abşeron yarımadasının qədim yaşayış məntəqələri buna misal ola bilər.

Tədbirin keçirilmə məkanı, İçərişəhərdə yerləşən Müasir İncəsənət Muzeyinin fərqli atmosferi oldu, həmçinin qonaqlara "Viva Baku" Şirniyyat Evi bir çox dadlı sürprizlər bəxş etdi.

"YARAT FRIENDS" Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal bir platforma olub, məqsədi müasir incəsənət anlayışının daha geniş kütləyə çatdırmaq və müasir incəsənət həvəskarlarından ibarət icma yaratmaqdır. Platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə əksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi "İncəsənətlə Səyahət" (Art Travel) proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir.

 

"Friends of Yarat" icmasının üzvü olmaqla siz müasir incəsənət barədə biliklərinizi artırmaq, müasir incəsənətin inkişafına öz töhfənizi vermək və müasir Azərbaycan incəsənətinin bütün dünyada tanıdılmasına dəstək olmaq imkanı əldə edəcəksiniz.

YARAT Friends platformasına üzv olmaq istəyən hər kəs [email protected] ünvanı ilə, yaxud YARAT mərkəzi ilə əlaqə saxlaya bilər.


20:30 29.09.2017