KANAL24.AZ
Az Iw En Ru

“Ehsan və məzar daşı məsələsində dünyada “liderlik” edirik”

Xəbər verdiyimiz kimi, Tacikistanda dəfn mərasimləri ilə bağlı yeni qaydaları tətbiq olunur. Yeni qaydalara əsasən bərkdən ağlamaq, başına torpaq səpmək, paltarını cırmaq, saçını yolmaq, üzünü cırmaq və peşəkar ağı deyənləri yasa dəvət etmək qadağan olunur. Yalnız vəfat edənin doğmalarına bərkdən olmamaq şərtilə ağlamağına icazə verilir.
 
Maraqlıdır, Tacikistan ruhaniləri bu qaydaları və qadağaları hansı əsaslar gətirərək tətbiq edirlər? İslam dinində bu barədə hər hansı göstəriş varmı? Yoxsa bu, hər hansı məcburiyyətdən tətbiq edilir? Ölkəmizdə dəfn mərasimləri ilə bağlı hansı qadağalara ehtiyac var?
 
Moderator.az mövzu ilə bağlı İmam Rza məscidinin imamı Hacı Mirhəmid Məmmədovun fikirlərini öyrənib.
 
Hacı Mirhəmid bildirib ki, bu qadağalar əslində İslam dinində də müəyyən mənada var:
 
“İslam dinində dəfn mərasimlərinin öz qaydaları var. Məsələn, rəhmətə gedənin necə dəfn edilməsi, necə yola salınması, necə yas saxlanılması və s. Bunlardan biri odur ki, rəhmətə gedən şəxsin ardıyca ağlamaq olar, amma həddini aşmaq, ağlayan zaman bəzi xoşagəlməz ifadələr işlətmək, Allahın təqdirindən narazılıq və s. qadağan olunur. Bəzən ağlayan insanlar Allaha sanki üsyan edirlər, bu baxımdan müəyyən qadağalar var. Digər məsələ paltar cırmaq, özünə xəsarət yetirmək, qəsd etmək də dini baxımdan bəyənilmir”.
 
 
 
İmam onu da bildirib ki, ölkəmizdə dəfn mərasimləri ilə bağlı məsələlərdə hər hansı qadağadan söhbət gedə bilməz, sadəcə zamanla bəzi tövsiyyələr olunur:
 
“Bizdə dəfn mərasimlərində ehsan və məzar daşı məsələlərində ifrata yol verilir. Ölkəmizdə yas mərasimlərində irad tutulası məsələlər ancaq budur. Digər məsələlərə heç bir iradımız yoxdur. 
Dinimizdə borca düşüb dəbdəbəli ehsanlar vermək, ifratçılıq, israfçılıq heç cür qəbul edilmir. 
 
Əfsuslar ki, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin verdiyi təkliflərə, tövsiyyələrə əməl olunmur. Bizim səlahiyyətimizdə də zor tətbiq etmək, ciddi qadağalar tətbiq etmək yoxdur. Ona görə də bu məsələlər bizlərdən asılı deyil. Biz sadəcə tövsiyyə veririk. Tövsiyyələrə də ağıllı insanlar əməl edir, ancaq bir çoxları qəbul etmirlər, zərəri də xalqa, millətə düşür. Buna görə borca düşənlər olur, adət-ənənəmi yoxa çıxır. Dünyanın heç bir yerində bu qədər ifratçılıq, israfçılıq yoxdur.
 
Digər məsələ də baş daşlarının qoyulması ilə bağlıdır. Biz bu məsələdə də bəlkə dünyada liderlərdən biriyik. Vəfat etmiş insanın yetimlərinin pulunu belə dəbdəbəli baş daşlarının qoyulmasına sərf edirlər. Həddindən çox xərc çəkib dəbdəbəli  başdaşlarının düzəldilməsi sanki rəqabət halını alıb. Dinimizdə bu məsələlər heç cür qəbul olunmur, İslam dini bütün məsələlərdə ifrata, israfa yox deyir”.

05:07 23.09.2017
Xəbər lenti
Bütün xəbərlər