KANAL24.AZ
Az Iw En Ru

Saxta pul kəsənlərin cəzası azaldıldı

Bakıda saxta pul əskinasları kəsməkdə və yaymaqda təqsirləndirilən Davud Azadxanlı və Məhəbbət Şamilzadənin barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Kanal24-ün reporta istinadla verdiyi məlumata görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayətləri qismən təmin edilib və Bakı Apelyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Belə ki, hər iki şəxsin 4 il 3 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 3 ay 23 günə qədər endirib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin cəzasının əvvəlinin 2016-cı il dekabrın 7-dən hesablanması barədə qərar qəbul edib.

İttiham aktına əsasən, D.Azadxanlı qardaşı Cavad Əzizovun "Nikoil" İKB-nin Lökbatan filialında adına olan kredit borcunu ödəmək məqsədilə saxta pul kəsmək barədə tanışı M.Şamilzadə ilə razılığa gəlib.

Onlar 2015-ci il martın 20-dən 27-dək olan müddət ərzində icarə əsasında işlətdikləri Qaradağ rayonu, Ələt qəsəbəsi, Sülh küçəsində yerləşən kompüter təmiri və kserosurət çap etmə mağazasında istifadə etdiyi "EPSON" markalı çap qurğusu vasitəsilə 6 ədəd 20-lik Azərbaycan manatı əskinasına oxşar saxta pullar hazırlayıblar.

İstintaq müəyyən edib ki, onlar "Cənub Təndiri" adlı sexdə işləyən Nənəqız Həşimovaya 20 manatliq saxta pul verərək 5 ədəd peraşki alıblar. N.Həşimova isə onların verdikləri 20 manatlıq saxta pula görə 19 manat qaytarıb.

Daha sonra onlar bir neçə şəxsə qarşı da belə bir əməl törədiblər.

 

Aprelin 3-də D.Azadxanlı və M.Şamilzadənin əməllərindən Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi məlumatlandırılıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hər iki şəxs həbs edilib.

D.Azadxanlı və M.Şamilzadənin barəsində Cinayət Məcəlləsinin 204.1-ci (qiymətli kağız sayılmayan saxta kredit və ya hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. Onların hər biri barəsində 2 il sınaq müddəti olmaqla 3 il 3 ay 23 gün müddətinə şərti cəza təyin olunub. Barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Bu hökmdən prokuror apellyasiya protesti verib. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi Qaradağ Rayon Məhkəməsinin hökmünü ləğv edib. Qərara görə, D.Azadxanlı və M.Şamilzadənin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib. Məhkəmə hər iki təqsirləndirilən şəxsin barəsində 4 il 3 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onların barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs ediliblər.

Bundan sonra təqsirləndirilən şəxslərin vəkilləri kassasiya şikayəti veriblər. Onlar müdafiə etdikləri şəxslərin cəzalarının yüngülləşdirilməsini, onların barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyiblər.


00:00 23.09.2017