KANAL24.AZ
Az Iw En Ru

Vahid Əhmədov: Hökümət səviyyəsində problemli kreditlər məsələsinə baxılmalıdır

Banklardakı problemli kreditlərin həcmi 2 milyard manata yaxınlaşdı.

Cari ilin 7 ayında ölkədə vaxtı keçmiş kreditlərin həcmi 1 812,8 mln. manat təşkil edib.

Beləliklə, iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,1%-ə çatıb. Vaxtı keçmiş kreditlərin həcmi cari ilin iyul ayında iyun ayı ilə müqayisədə 2,1 mln. manat artıb.

Manatla problemli kreditlərin həcmi 923.9 mln. manat, xarici valyutada 888.9 mln. manat təşkil edib. Rəqəmlərin təhlili göstərir ki, manatla vaxtı keçmiş kreditlərin həcmi iyun ayı ilə müqayisədə, iyulda artıb. Xarici valyutadakı problemli kreditlərin həcmi isə azalıb.

Qeyd edək ki, ümumilikdə ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlərin həcmi 340,2 mln. manat artıb.

Kanal24 xəbər verir ki,yaranmış vəziyyəti oxu.az-a şərh edən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, bir il əvvəl problemli kreditlərin həcmi 1,6 milyard manat idi: "Hazırda problemli kreditlərin həcmi 1,8 milyard manata yaxınlaşıb. Problemli kreditlər məsələsi araşdırılmalıdır. Biz düşünürdük ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələlərə baxacaq və problemli kreditlər öz həllinin tapacaq, bankların vəziyyəti yaxşılaşacaq. Lakin ortada bir nəticə yoxdur. Problemli kreditlərin həcminin yüksək olması Azərbaycanın maliyyə bazarına mənfi təsir göstərir".

V.Əhmədov problemli kreditlərin artımının səbəblərindən biri kimi bankların yüksək faizlə kredit verməsini göstərdi: "Banklar 28-30 faizə yaxın faizlə kredit verirlər. Bu məsələ  həllini tapmalıdır. Bizim müəyyən təkliflərimiz var idi. Çox təəssüflər olsun ki, onlar qəbul edilmədi”.  

Vəziyyətin çox ciddi olduğunu deyən millət vəkili bildridi ki, hökümət səviyyəsində məsələyə baxılmalıdır. 


21:02 11.09.2017
Xəbər lenti
Bütün xəbərlər