KANAL24.AZ
Az Iw En Ru

Ankarada keçirilən beynəlxalq festivalda “Azərbaycan gecəsi” təşkil olunub

Ankaranın Etimesqut rayon bələdiyyəsinin təşkil etdiyi 14-cü Beynəlxalq Anadolu Günləri, Mədəniyyət və Sənət Festivalı çərçivəsində Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin dəstəyi ilə “Azərbaycan gecəsi” təşkil olunub. Gecədə səfirliyimizin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, diaspor nümayəndələrimiz, Ankara ictimaiyyətinin təmsilçiləri, o cümlədən azərbaycanlı tələbələr iştirak ediblər.

Festivalın keçirildiyi böyük meydanda səfirliyin təşəbbüsü ilə “Azərbaycan evi” yaradılıb. Burada ölkəmizin mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı əyani təbliğat vasitələri nümayiş etdirilib. Festival iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" və "Heydər Əliyev" kitabları təqdim olunub, eləcə də Azərbaycan milli mətbəxinə aid nümunələr qonaqlara paylanıb.

Tədbirdə iştirak etmək məqsədilə Ankaranın Etimesqut bələdiyyəsi ilə qardaşlaşmış Azərbaycanın Şirvan şəhərindən gəlmiş musiqi və rəqs ansamblının çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb. Azərbaycandan gəlmiş musiqiçinin ifa etdikləri “Çırpınırdı Qara dəniz” mahnısı festivala toplaşmış minlərlə insanın hərarətli alqışları ilə qarşılanıb. Azərbaycana xas bir-birindən gözəl musiqi və rəqslər ölkəmizin mədəniyyətinin təbliğinə mühüm töhfələr verib.

Gecədə Azərbaycan səfirliyinin müşaviri Ramil Qurbanov və Şirvan şəhər bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış ediblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı iki qardaş ölkənin münasibətlərinin hərtərəfli inkişafında özünü göstərir.

Daha sonra gecədə 1453-cü ildə İstanbulun fəth edilməsinə həsr olunan moda və bir-birindən maraqlı tarixi səhnələr nümayiş etdirilib.

Festival türkiyəli müğənni Mustafa Sandalın konserti ilə başa çatıb.


21:57 21.08.2017