KANAL24.AZ
Az Iw En Ru

Birinci Avropa Oyunlarının məşəli Zaqatalaya gətirilib (FOTO)

Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli mayın 23-də axşam saatlarında “qızılgüllər diyarı” Zaqatalaya gətirildi.

Birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zaqatala şəhərinin Dövlət Bayrağı meydanına toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.

Budo döyüş növləri üzrə dünya çempionu, idman ustası Təbriz Balaxanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. O, nəzərdə tutulan məsafəni qət etdikdən sonra məşəli növbəti iştirakçıya – 2011-ci ildə Belqradda keçirilmiş XXI Beynəlxalq şahmat festivalının qalibi Xədicə Xəlilovaya ötürdü.

Estafeti davam etdirən sonrakı məşəlçilər Heydər Əliyev prospekti, Dədə Qorqud, 28 May, Üzeyir Hacıbəyli və Sülh küçələri boyunca 2700 metrə yaxın məsafə qət edərək birinci Avropa Oyunlarının məşəlini Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisinə gətirdilər. 1830-cu ildə inşa edilmiş Zaqatala qalasının ərazisinə toplaşan minlərlə zaqatalalı birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini böyük coşqu ilə izlədilər.

Zaqatala şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, 2014-cü ildə İnquşetiyada keçirilmiş cüdo idman növü üzrə beynəlxalq turnirin mükafatçısı Ariz Məmmədov meydanın mərkəzində qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı. Meydana toplaşanlar bu unudulmaz anı sürəkli alqışlarla qarşıladılar.

Məşəldən alovlandırılan “Bakı-2015”-in çırağı ilk Avropa Oyunları başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.

Mərasim atəşfəşanlıqla başa çatdı.

Məşəl estafetinin növbəti ünvanı Qax rayonu olacaq.


04:46 24.05.2015