KANAL24.AZ
Az Iw En Ru

"Yol hərəkəti haqqında" Qanuna yeni maddə əlavə olundu

Prezident İlham Əliyev Milli Məclisin "Yol hərəkəti haqqında" Qanununda etdiyi dəyişikliyi təsdiqləyib. Qanuna aşağıdakı məzmunda 9-1-ci maddə əlavə edilib:
 
"Maddə 9-1. Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi
 
I. Avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
II. Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.
 
III. Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlər aşağıdakı hallarda tikilməlidir:
 
1. avtomagistrallarda - bu Qanunun 9-1-ci maddəsinin I və II hissələri nəzərə alınmaqla;
 
2. digər avtomobil yollarında - nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda.
 
IV. Bu Qanunun 9-1-ci maddəsinin III hissəsinin 2-ci bəndində nəzərdə tutulan avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

05:01 21.05.2015