KANAL24.AZ
Az Iw En Ru

Heydər Əliyev Fondu Venesiyada Martin Rotun anım gününü qeyd edəcək

Görkəmli incəsənət xadimi, bir müddət əvvəl Londonda Viktoriya və Albert Muzeyinə rəhbərlik etmiş və muzey işi və kuratorluq sahəsində böyük təcrübəyə sahib olan doktor Martin Rot vəfat edib.

Onun Azərbaycanla dostluğu 2008-ci ildə, o, Drezden Dövlət Muzeylər Birliyinin baş direktoru olarkən başlayıb. Onun rəhbərliyi altında Drezden muzeyləri rekonstruksiya olundu və şəhərin tarixi mərkəzindəki bərpa edilmiş binalarda ən son texnoloji avadanlıqlarla təchiz olunaraq sahələri genişləndirildi.

Bu müddətdə Martin Rot və Heydər Əliyev Fondu arasında Almaniyada Azərbaycan incəsənəti sərgisinin təşkil olunması barədə danışıqlar keçirildi. Amma M.Rotun həyatında əlamətdar hadisə baş verdi – o, Londona Viktoriya və Albert Muzeyinə rəhbərlik etməyə dəvət olundu. Muzeydəki fəaliyyəti dövründə Martin Rot bir çox şeyi dəyişə və təkmilləşdirə bildi: muzeyin binası qismən rekonstruksiya edildi, Londonun özündə və Şotlandiyanın Dandi şəhərində filialların yaradılması planları meydana çıxdı. Moda və musiqi tarixinin personajlarına həsr olunmuş fundamental müvəqqəti sərgilər isə muzeydə tətbiqi incəsənət muzeyi üçün nadir bir şey olan ajiotaj yaratdı. Muzeyə gələnlərin sayı rekord göstəricilərədək artdı və 2015-ci ildə Viktoriya və Albert Muzeyi Böyük Britaniyada ilin ən yaxşı muzeyi adına layiq görüldü.

2015-ci ildə Avropada ilk dəfə ötən əsrin ortalarına aid Azərbaycan avanqard təsviri incəsənətinin şedevrləri nümayiş olunan Azərbaycanın milli pavilyonunun sərgisinə baş çəkərkən Martin Rot iki il sonra bu sərginin kuratoru olmaq təklifini qəbul etmişdi.

2017-ci il Biennalenin mövzusu və Azərbaycanın multikulturalizm layihəsinin konsepsiyası onun əqidəsi və tolerantlığa münasibətinə uyğun idi və onun müasir cəmiyyətdə millətçilik və ksenofobiya təzahürlərinə dözümsüzlüyünə yaxın idi. Doktor Rotun sərginin təşkilində iştirakı çox vacib idi: onun yüksək peşəkarlığı, Avropanın iri muzeyləri ilə işi, incəsənət sahəsində həyata keçirdiyi mühüm beynəlxalq layihələr bu sərginin hazırlanmasına böyük töhfə verdi.

Qismət elə gətirdi ki, bu layihə onun parlaq həyatında sonuncu layihə oldu.


04:12 16.08.2017