KANAL24.AZ
Az Iw En Ru

Sergey Yeliseyev: "Avropa Oyunları üçün Bakıda tikilmiş Atletlər kəndinin tayı-bərabəri yoxdur"

İlk Avropa Oyunları üçün Bakıda tikilmiş Atletlər kəndi heç bir ölkədə yoxdur. Bu barədə çərşənbə günü Moskvada keçirilən rusiyalı idmançıların ilk Avropa Oyunlarında iştirak etməsinə həsr olunan mətbuat konfransında Ümumrusiya və Avropa Sambo federasiyalarının prezidenti Sergey Yeliseyev deyib.

S.Yeliseyev etiraf edib ki, Azərbaycan rəhbərliyinin qarşıdan gələn yarışlara münasibəti onu heyrətləndirib: “Altı ay əvvəl Bakıda olmuşdum. Ölkə, şəhər rəhbərliyinin bu Oyunlara münasibəti məni heyrətləndirdi. Bakıda sovet dövründə də olmuşam, ancaq indi şəhər möhtəşəm şəkildə dəyişib, belə Atletlər kəndini isə heç bir ölkədə görməmişəm. İkincisi isə qonaqpərvərlik aeroportdan mehmanxanalara kimi hər yerdə hiss olunur. Hamı çox mehriban idi və bizi qonaq etmək istəyirdi”.

Federasiya rəhbəri qeyd edib ki, ilk Avropa Oyunlarında çıxış etmək onlar üçün çox əhəmiyyətli və şərəfli işdir: “Xorvatiyada qitənin ən güclü samboçularının iştirak etdiyi Avropa çempionatı başa çatdı. Bu idmançıların hamısı Bakıya gedəcək. Çempionat göstərdi ki, bu gün komandaların səviyyəsi çox yüksəkdir. Avropa çempionatında 18 ölkə medal qazandı ki, bu da rəqabətin güclü olduğunu göstərir. Hamı medal qazanmağa çalışır, yalnız qızıl uğrunda deyil, gümüş və bürünc medallar uğrunda da amansız mübarizə gedir. Azərbaycan da Avropanın ən güclü komandalarından biridir”.

S.Yeliseyev bildirib ki, Azərbaycanın güclü rəqib olacağını gözləyir: “Azərbaycan tam heyətlə çıxış edəcək. Ev sahibi olması da vacib amildir: zallar dolu olacaq, belə olan halda isə hər idmançı uğur qazana bilər. Bundan başqa, ən yaxşı idmançılarla təmsil olunan Azərbaycan ən güclü komandalardan biridir”.


02:59 21.05.2015