KANAL24.AZ
Az Iw En Ru

Manatın dollara nisbətdə 6 ay üzrə məzənnəsi açıqlandı

2017-ci ilin birinci yarımilində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 47 valyuta hərracı keçirilib.

Kanal24 Mərkəzi Banka istinadən xəbər verir ki, dövr ərzində ARDNF-in xarici valyuta satışları 1687.6 mln. ABŞ dolları təşkil edib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 30.8% azdır.

Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının “Bloomberq” platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. 6 ay ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 417 mln. ABŞ dolları olub.

İlk yarımillik ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.

Tədiyə balansının yaxşılaşması, eləcə də, dövlət sektorunun xarici valyutada bir sıra öhdəliklərinin valyuta bazarından kənarda tənzimlənməsi valyuta bazarına tarazlaşdırıcı və manatın məzənnəsinə sabitləşdirici təsir göstərib.

Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlayıb. İkinci rüb ərzində isə stabilləşib. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdursa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxıb.

26.05.17-01.06.17 tarixlərində isə minimum həddinə - 1.7020 AZN-ə enib. 2017-ci ilin I yarısının sonuna manat ABŞ dollarına nəzərən 3.9% möhkəmlənib.  2017-ci ilin I yarısı ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1.74 manat təşkil edib. 


22:22 07.08.2017
Xəbər lenti
Bütün xəbərlər