KANAL24.AZ
Az Iw En Ru

Millət vəkili bələdiyyə sədrini Bakıya dəvət etdi - Foto

Qarabağ parkı, Xarı bülbül abidəsinin açılışı və “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ndə iştirak etmək üçün Aksarayda olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Aksaray bələdiyyə sədri Haluk Şahin Yazqı ilə görüşüb.

Millət vəkili Aksarayın mərkəzində Qarabağ Parkının açılması, Xarıbülbül abidəsinin qoyulması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə sədrinə təşəkkürünü bildirib və bu addımın bütün türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib.

Q.Paşayeva işğalçı Ermənistanın bir neçə gün əvvəl öncəbhədə törətdiyi vəhşiliklər, qətlə yetirdikləri balaca Zəhra ilə bağlı da geniş məlumatlar verib, müzakirələr olub.

Haluk Şahin Yazqı ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub.

“Azərbaycanın şəhidi bizim də şəhidimizdir” deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib:

“Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq”.

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Aksarayı da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyib

Aksray bələdiyyə başqanı Haluk ŞahinYazqı Türkiyənin və Azərbaycanın bir millət, iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

Aksaray bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq 2-ci hissəsində qədim Aksarayın da yer alacağını bildirib. Aksaray bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili bələdiyyə başqanını Azərbaycana dəvət edib.

Azərbaycanı çox sevdiyini deyən Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı mütləq səfər edəcəyini bildirib.

Q.Paşayeva həmçinin Aksarayın millət vəkilləri Mustafa Sərdənkeçdi, İlknur İncəözlə də görüşüb və geniş müzakirələr aparıb.

Millət vəkili Q.Paşayeva Aksaray valisi Aykut Pekmezlə də görüşüb.

Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.

Vali Aykut Pekmez də azərbaycanlı şəhidlərə Allahdan rəhmət dilədiyini və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanında olduqlarını deyib.

Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib.

“Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyəolaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – o, bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Aksaray arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Aksarayın da yer alacağını bildirib.

Millət vəkili kitabın gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyib:

“Gənclər bizim olanı tanımalı, ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”.

Millət vəkili Qənirə Paşayeva görüş zamanı Aksarayda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.

Millət vəkili 200-dən artıq azərbaycanlı tələbənin təhsil aldığı Aksaray Universitetinin rektoru Prof. Dr. Yusif Şahinlə də görüşüb. Görüş zamanı Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ həqiqətləri ilə bağlı universitetdə tədbirlərin daha da artmasının vacibliyi və universitetdə təhsil alan tələbələrlə bağlı müzakirələr olub.

Q.Paşayeva həmçinin Aksarayda yaşayan və təhsil alan bir sıra azərbaycanlılarla da görüşüb, fikir mübadiləsi aparıb. Millət vəkili Azərbaycanın bu vilayətdə təbliği və Qarabağ həqiqətlərinin burada daha geniş yayımasında onların üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.

 
 

20:07 28.07.2017
Xəbər lenti
Bütün xəbərlər