KANAL24.AZ
Az Iw En Ru

“YARAT Freestyle” proqramı çərçivəsində yoqa festivalına başlanılıb

“YARAT” Müasir İncəsənət Mərkəzi Dənizkənarı Bulvar İdarəsi ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində iyulun 23-də açıq havada genişmiqyaslı yoqa festivalına start verib.

AZƏRTAC xəbər verir ki, Bayıl bulvarında reallaşan festivalın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.
Festival səhər saat 10:00-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlayıb. Gün ərzində müxtəlif tədbirlərin də təşkil olunacağı nəzərdə tutulur. Belə ki, Xəzər dənizi sahilində yaşıl qazon üzərində peşəkar müəllimlərlə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, “FLY yoqa” təşkil olunacaq, iştirakçılara sağlam qida veriləcək.
Festivalın proqramına əsasən, saat 10:00-dan 10:40-dək yaşıl qazonda yoqa, 11:00-dan 19:00-dək 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, “FLY yoqa”, canlı musiqi və DJ-lərin çıxışı olacaq. Saat 13:00-dan 15:00-dək vegetarian mətbəxi, 19:00-dan 22:00-dək musiqili çıxışlar və alovlu şou təşkil ediləcək.
Festivalın iştirakçıları "Yoga Shahi" studiyası, "The Art Of Living" Beynəlxalq Fondu, "Chandramukhi" hind rəqs studiyası və "Sevimli bala" uşaq təşkilatıdır.

 


19:37 23.07.2017