KANAL24.AZ
Az Iw En Ru

“Kanal24” İsrail-Azərbaycan dostluğunun təcəssümüdür

Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan Kanal24 artıq 5 ildir ki, fəaliyyət göstərir. Ölkədə və dünyada baş verən siyasi ,iqtisadi,mədəni prosesləri tərəfsiz,qərəzsiz və vicdanlı şəkildə işıqlandırır. İlk sujetini telefonla çəkən Kanal24 illər keçdikcə daha müasir avadanlıqlarla, texnikalarla təchiz olunub. 9 kv metrlik bir ofisdə Kanal24.az saytının fəaliyyətə başlaması və qısa bir müddət ərzində balaca bir otaqdan bütün dünyaya yayımlanması kanalın şərəfli bir yolda inamla addımlamasından xəbər verir.

 

Kanal24 fəaliyyəti dövründə bir çox maraqlı televiziya proqramları ilə izləyicilərin sevimlisinə çevrilib. Kanalın ən uğurlu proyektlərindən biri İsraildə çəkilən “Qürbətdə Vətən” proqramıdır.

Həmin proqramın yayımlanmasından sonra iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün Səadət xanım Şükürovanın ideya müəllifliyi ilə Kanal24 loqosunda dəyişiklik etdi. Artıq Kanal24 fəaliyyətini İsrail-Azərbaycan bayrağı altında olan loqo ilə davam etdirir.

 

Bu uğurlu yolun məntiqi nəticəsidir ki, 2017-ci il iyul ayının 6-da İsrail-Azərbaycan dostluğunu özündə əks etdirən Kanal24-ün yeni ofisinin açılış mərasimi keçirildi.

İsrailin Azərbaycandakı səfiri Dan Stavın da iştirak etdiyi mərasimdə Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, 46 nömrəli məktəbin direktoru Rav Zamir, Səməd Vurğun muzeyinin müdüri Nüşabə VəkilovaMəhsəti Əliyeva, xalq artisti Zümrüd Məmmədova, əməkdar artist Azad Şükürov, tanınmış yazarlar Telli PənəhqızıNəzmiyyə HicranAysel FikrətOrxan FikrətoğluFəxrəddin Meydanlı, istedadlı gənc bəstəkar İlahə Qismət və digər dəyərli qonaqlar qatılmışdılar.

 

Qonaqları salamlayan Kanal24-ün baş redaktoru Səadət Şükürova Kanalın bu günə qədər keçdiyi şərəfli yoldan danışdı. Bu tarixi hadisənin İsrail-Azərbaycan əlaqələrində tarix boyu atılan ilk və dəyərli addım olduğunu vurğuladı, mövcud əlaqələrin daha da möhkəmlənməsini və əbədi dostluğu istiqamətində Kanal24-ün qarşıdakı illərdə önəmli işlərə imza atacağını diqqətə çatdırdı.

 

Daha sonra İsrailin Azərbaycandakı səfiri cənab Dan Stav rəmzi açılış lentini kəsdi və qonaqlar Kanal24-ün ofisi ilə yaxından tanış oldular. Ofis ilə qonaqları yaxından tanış edən Kanal24-ün direktoru Tural Əhmədov səfir Dan Stava geniş və ətraflı məlumat verdi. Tural Əhmədov 5 illik fəaliyyəti dövründə bir çox məhrumiyyətlərə ,təziqlərə, çətinliklərə baxmayaraq Kanalın fəaliyyətini davam etdirdiyini, yeni yeni verlişlərin, sosial problemlərin həlli baxımından görülən işlərdən danışaraq bundan sonra da bu şərəfli yolda dəsti xəttinin dəyişməyəcəyini bildirdi.

 

Ofislə yaxından tanış olan səfir Dan Stav burada yaradılan İsrail-Azərbaycan dostluğunu əks etdirən stendlə, xəbərlər studiyası ilə tanış oldu və kollektivə ən xoş arzularını çatdırdı.

 

Sonra qonaqlar Səadət xanımın müəllifi olduğu “İsrail-Azərbaycan dostluğu” klipini izlədilər.

 

Klipin nümayişindən sonra söz alan İsrailin Azərbaycandakı səfiri Dan Stav çox yaxşı münasibətdə olan Azərbaycan və İsrail xalqının bir araya toplandığı tədbirdə iştirak etməkdən çox məmnun olduğunu bildirdi. O, Azərbaycan və İsrail əlaqələrinin tarixə dayandığını və fərqləndirici bir çox xüsusiyyətini vurğuladı. Səfir kanalın fəliyyətinə uğurlar arzulayaraq, bu kanalın ölkələrarası siyasi və dostluq əlaqələrinin möhkəmlənməsindəki önəmindən bəhs etdi.

 

Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevdə öz çıxışında əzəli və əbədi Yəhudi-Azərbaycan dostluğundan bəhs edərək, hər iki dövlətin pis günün də, xoş gününün də bir olduğunu, qəlblərinin bir döyündüyünü dilə gətirdi.

 

Daha sonra tədbirdə çıxış edənlər Rav Zamir, Səməd Vurgun muzeyinin müdüri Nüşabə Vəkilova, Telli Pənəhqızı, Fəxrəddin Meydanlı, Azad Şükürov, İltifat Hacıxanoğlu, xalq artisti Zümrüd Məmmədova, İlahə Qismət, Nəzmiyyə Hicran, Aysel Fikret, Orxan Fikrətoğlu da bütün arzulara qoşularaq, “Yaşasın İsrail Azərbaycan dostluğu” şüarı altında tədbir iştirakçılarına və kanal kollektivinə bu şərəfli yolda uğurlar arzuladı.

 

Tədbirin sonunda şərəf kitabına ürək sözləri yazıldı və xatirə şəkli çəkildi.

 


03:12 08.07.2017