KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda oğul məmur atasından rəsmi şikayət yazdı

Ötən həftə Göyçay Sanitar Təmizlik İdarəsində baş nəzarətçi vəzifəsindən istefa verən Əliyev Əhliman Loğman oğlu həm müdiri, həm də atası olan Loğman Əliyevin qanunsuz əməlləri barədə dövlət orqanlarına müraciət edib.

Bu barədə Əhliman Əliyev atası haqqında aidiyyəti orqanlara və mətbuata verilməsi üçün ona şikayət məktubu göndərib. Ə.Əliyev müraciətində aidiyyəti qurumlardan Göyçay Sanitar Təmizlik İdarəsindəki qanunsuzluqların araşdırılmasını xahiş edir.

Hüquq müdafiəçisi T.Xasməmmədov Əhliman Əliyevin şikayətinə əsasən qeyd edib ki, onun atası Loğman Əliyev əvvəllər dəfələrlə dövlət əmlakını sənəd üzərində yararlı kimi göstərərək, həmin avtomobillərə görə hər ay yanacaq və ehtiyat hissələri üçün pul yazıb və sərfiyyatı aylıq hesabatlarda göstərib.

Ə.Əliyev yazır: "Atam Loğman Əliyev təkcə 3 avtomobilə görə dövlətə ümumlikdə 350 min manat ziyan vurub. Həmçinin yanacaq və ehtiyat hissələrinə görə 18 ay ərzində külli miqdarda pul vəsaitini mənimsəyib. Onun qanunsuz hərəkətlərinə göz yuma bilmədiyimdən baş verənlərə etirazımı bildirmişəm.

O isə həmkəndlisi və xəzinədarı olan Qədirov Hacıqulunu və öz qardaşı olan Şakəm Əliyevi pul müqabilində öyrədərək üzümə yalançı şahid qoymaqla məni, öz övladını şərlədib tutdurmağa çalışır. Bu özbaşınalığa görə bütün aidiyyəti orqanlara rəsmi müraciət etsəm də, bu günə qədər heç bir müsbət addım atılmayıb. Məşğulluq xətti ilə ayrılmış pullar hesabına idarədə adı gedən 51 nəfər işçinin hər ay aldığı 121 manat və idarənin daimi işçisi kimi göstərilən yaxın qohum və həmkəndliləri olan 25 nəfərin maaş kartları və hər ay əhalidən yığılan 9400 manat pul qanunsuz olaraq mənimsənilir. İdarənin xəzinədarı Hacıqulu Qədirov "staj” məqsədilə adı işdə gedən 25 nəfərin əvəzinə hər ay əməkhaqqı cədvəlinə imza atır. Kommunal ödənişlər üçün adambaşına 30 qəpik nəzərdə tutulsa da, Loğman Əliyev hər evdən məcburi qaydada 3 manat pul yığdırır. Gündəlik 5 nəfər nəzarətçi ərazidə işləyir, hər biri idarəyə günə 60 manat plan verir. Bundan əlavə, Loğman Əliyev idarəyə məxsus 3 ədəd, buraxılış ili 2008-ci il olan "Kamaz" markalı və 2012-ci il istehsalı JAK və 1996-cı ilin "Dayevo" markalı maşınlarını ehtiyyat hissələrə ayıraraq satıb. Atam Loğman Əliyevin rəhbərlik etdiyi idarənin yoxlanılaraq göstərilən bütün faktların üzə çıxarılmasını bir daha aidiyyatı orqanlardan xahiş edirəm".

Loğman Əliyev oğlunun onun barəsində səsləndirdiyi ittihamlarla əlaqədar bunları deyib:

"Mənim rəhbərlik etdiyim qurum rayonda ən şəffaf işləyən idarələrdən biridir. Əhliman Əliyevin dedikləri şər-böhtandır. Oğlum əxlaqsız bir qadını gətirib ki, mənim evimdə saxlasın. Mən də buna imkan verə bilmərəm. Onun ailəsi, 3 körpə uşağı var. Körpələrini atıb bir əxlaqsıza qoşulub. Pulları qurtaran kimi gəlirlər ki, idarənin pullarını ver bizə. Mənim dövlətin pulunu elə adama verib, türməyə gedən halım yoxdur. Heç kimdən rüşvət almıram, heç kimə də rüşvət vermirəm. Borc alıb oğlum Əhlimana maşın almışdım. Burada idarədə işləyirdi, oğurluq etdiyi üçün işdən qovmuşam. 3 körpə balasını atan adam gəlib indi mənə böhtan atır. Gəlib deyir ki, yaşadığın evi ver mənə, mən həmin o əxlaqsız qadınla orada yaşayım. O mənim övladım ola bilməz. Ayda min manat idarədən pul oğulayıb. Mən necə imkan verə bilərəm ki, körpə balalarını atıb gəlib mənim evimdə əxlaqsız biri ilə yaşasın? Heç vaxt kimsənin haqqını yeməmişəm. Özüm kənd təsərrüfatı mütəxəssisiyəm. Təsərrüfatla məşğulam. Mənim hökumətin puluna ehtiyacım yoxdur”.(Axar.az)


00:25 01.06.2017