KANAL24.AZ
Az Iw En Ru

Səbir etməyin gözəlliyi

Ey iman gətirənlər! Səbir və namazla (Allahdan) kömək diləyin! Həqiqətən, Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 153)

“Sən təmkinlə səbir et!” (Mearic Suresi, 5)

… Allah səbir edənləri sevər. (Ali-İmran surəsi, 146)

Səbir möminin ən mühüm xüsusiyyətlərindən biridir. Səbrin mənbəyi möminlərin Allaha olan  imanıdır. Allah dünya həyatında acizliklər, xəstəliklər, nəfsin tərbiyələnməsi üçün insanın qarşısına çıxardığı kimsələr, inkarçıların təzyiqləri kimi möminlərin səbir etməli olduqları hadisələr meydana gətirir. İman gətirənlər Allahın sonsuz ağlının bütün varlıqlar üzərində hakim olduğunu, Allahın izni olmadan heç bir hadisənin baş vermədiyini və Rəbbimizin hər hadisəni xeyir və hikmətlərlə yaratdığını bilirlər. Allahın möminlərin dostu, vəlisi və yardımçısı olduğunu, mənfi kimi görünən hadisələrin də inananların lehinə baş verdiyini unutmazlar. Allahın yaratdığı qədərə tərəddüdsüz təslim olmuşlar. Buna görə də səbir mömin üçün çətinliklə tab gətirdiyi əxlaqi xüsusiyyət deyil, əksinə qəlb rahatlığı ilə, zövqlə yaşadığı ibadətdir.

Quranda bildirilən səbir “dözmək” anlayışından tamamilə fərqlidir. İnananlar Allahın əmrinin tələbi olaraq səbir edirlər, buna görə də heç vaxt səbirləri tükənməz. Bu ibadəti həyatlarının sonuna qədər şövqlə yerinə yetirirlər. Göstərdikləri yüksək əxlaqın qarşılığında  Rəbbimizin rizasını qazanmağı ümid edirlər.

Səbir etməyin hikmətlərindən biri də bu əxlaqi xüsusiyyətin insanı Allaha daha çox yaxınlaşdırması, səmimi müsəlmanın Allah sevgisini daha da artırmasıdır. Allah rizası üçün çətinliyə, xəstəliyə səbir edən insanın bu əxlaqı yaşadığı hər saniyə, hər an Allah Qatında çox dəyərlidir. Mömin səbir edərkən Allahın ona yaşatdığı hadisələrin hikmətləri haqqında fikirləşər, Allahın bunları onun imanının, sevgisinin dərinləşməsi, əxlaqının gözəlləşməsi üçün xüsusi yaratdığını düşünərək hərəkət edər. Səbir ibadətini yaşamağı nəsib etdiyi üçün Rəbbimizə şükür edər. Mömin həyatının sonuna qədər qarşılaşdığı böyük-kiçik hər hadisədə daim Allahın Quranda bildirdiyi kimi ən gözəl şəkildə səbir edərək, ən gözəl əxlaqı göstərərək, Allahın razılığını qazanmayı ümid edərək yaşayar.


05:33 12.05.2017