KANAL24.AZ
Az Iw En Ru

Eynşteynin oğurlanmış beyninin son aqibəti

Təqdim etdiyimiz bu yazıda  nə Eynşteynin fizika sahəsindəki  inqilabından, nə də aldığı Nobel mükafatından bəhs etməyəcəyik, çünki bütün bunlar haqqında çox yazılıb, danışılıb. Bugünkü mövzumuz  Eynşteynin beyninin qəribə hekayəsi ilə bağlı olacaq. 
 
Görkəmli fizik Albert Eynşteyn 18 aprel 1955-ci ildə 76 yaşında aorta damarının dəlinməsi səbəbindən vəfat edib. Eynşteyn 17 aprel 1955-ci il tarixində 76 yaşında döş ağrısı şikayəti ilə Amerikanın Nyu-Cersi ştatındakı Prinston xəstəxanasına müraciət edir. Məşhur fiziki xilas etmək mümkün olmur, o, aorta damarının partlaması səbəbindən vəfat edir. Dünyasını dəyişdikdən sonra Eynşteynin qəfil ölüm səbəbini araşdırmaq üçün ekspertiza yaradılır. Ekspertiza işinə xəstəxananın patologiya şöbəsinin mütəxəssisi Doktor Tomas Harvey cəlb edilir. Tomas Harvey bütün dünyanın hörmətini qazanmış bu dahinin  ekspertizasını aparmaq imkanı tapdığı üçün çox həyəcanlanır, hattta bu həyəcanına uduzaraq adi ekspertiza qaydalarının sərhədlərindən xeyli kənara çıxır. 18 aprel 1955-ci ildə keçirilən ekspertizanın rəyinə görə, Eynşteynin beyni yetkin bir kişi beyni üçün normal ölçülərdə, 1230 qram ağırlığında olub.
 
 
 
Doktor Harvey beynin çox sayda fotoşəkilini çəkir, sonra beyni 170 hissəyə bölür. Beyin parçalarının fotoşəkillərini çəkəndən sonra kəlləyə geri qoymaq əvəzinə, gizlincə formaldehit dolu bir bankaya qoyur və bankanı evinə apararaq masasının altında gizlədir. Həmçinin Eynşteynin gözünü də çıxararaq, yenə kimsənin xəbəri olmadan Eynşteynin göz həkimi olan Henri Abramsa verir. Eynşteynin beyin və gözləri əskik olan cəsədi, krematoridə yandırılmaq üçün ailəsinə təslim edilir.
 
 
 
Tomas Harvey bəzi müsahibələrində hər nə qədər meyitin yarılması üçün xəstəxananın ailədən icazə aldığını iddia etmiş olsa da işin əsli başqadır. Harvey tibb fakültəsindən müəllimi olan və eyni zamanda Eynşteynin xüsusi həkimi olmuş Doktor Harri Zimmermana meyitin yarılması zamanı Eynşteynin beynini çıxardığını və bəzi hissələri ona verməyi planlaşdırdığını söyləyir. Bu tarixi fürsətin həyəcanına yenilən Doktor Zimmerman New-York Times qəzetinə yaxında Eynşteynin beynini araşdırmağa başlayacaqlarını və bunun nevrologiya sahəsində bir cığır açacağını söyləyən müsahibə verir. Eynşteynin ailəsi bu müsahibə sayəsində beynin cəsədin içində olmadığını olduqca narahat bir şəkildə öyrənir. Ancaq artıq dəfn mərasimi keçirilmişdi, Eynşteyndən qalanlar vəsiyyətinə uyğun şəkildə çoxdan yandırılmışdı. Eynşteynin oğlu Hans Albert bu xəbərdən sonra olduqca əsəbi halda xəstəxanaya gəlir, ancaq xəstəxana rəhbərliyinin uzun müzakirələrindən sonra atasının beyninin elm üçün istifadə edilməsinə məcburən icazə verir. 
 
Prinston Xəstəxanası Doktor Harveyin bu icazəsiz təşəbbüsünün səbəb olduğu qalmaqaldan çox narahat olur. Xəstəxana rəhbərliyi Doktor Harveyden beyni Eynşteynin ailəsinə təhvil verməsini istəyir, ancaq Harvey ailədən alınan icazəni bəhanə edərək bu istəyə qarşı çıxır. Xəstəxana rəhəbrliyi qısa zamandan sonra Doktor Tomas Harvey işinə son verir. İşdən qovulan Doktor Harvey əlindəki beyin dolu bankayla bu dəfə Philedelphia xəstəxanasına üz tutur. Orada bir texnikin köməyi ilə beyni 200  mikroskopla baxmaq üçün 240 hissəyə bölür. Tomas Harvey beyin mütəxəssisi olmadığını, biliyinin Eynşteynin beynini ailəsinin istədiyi şəkildə tədqiq etməyə yetməyəcəyinin fərqinə varır. Düşünür ki, qarşıdakı illərdə həm beyni oğurlayarkən xəyalını qurduğu böyük kəşfə imza atmaq, həm də Eynşteynin ailəsinin irəli sürdüyü ciddi elmi araşdırma şərtini yerinə yetirmək üçün beynin parçalarını dünyanın müxtəlif yerlərindəki elm adamlarına göndərsin. Ümid edir ki, həmin elm adamları Eynşteynin dahiliyini anlamaq üçün onun irəli sürdüyü məsələləri araşdıracaqlar. Ancaq qısa zaman sonra Harveyin ailəsində də problemlər yaranmağa başlayır. Arvadının stolun altında saxladığı bankadakı beyin parçalarını atacağını deməsindən sonra  Harvey Eynşteynin beynini götürərək evi tərk edirr və Kanzas ştatına yerləşir.
 
Harvey 1988-ci ildə tibbi lisenziyasını yeniləmək üçün imtahana girə bilmədiyindən həkimlik lisenziyanı itirir və bir plastik zavodunda fəhlə kimi işləməyə başlayır. Həmin ərəfədə Beat nəslin öncüllərindən olan məşhur yazıçı Willian S.Burroughs ilə qonşu olar. İşdən qayıdandan sonra iki qonşu eyvanda oturub pivə içərək zarafatlaşırlar. Harvey Uilyam Burroughs ilə tanış olduğu üçün öyünərkən, Burroughs da dost-yoldaşlarına Eynşteynin beyninə istədiyi anda toxunduğunu bildirir. Pivə söhbətləri zamanı isə beyin masanın altındakı bir bankada gözləyir.
 
 
Tomas Harvey qırx ildən çox bir müddət keçməsinə baxmayaraq beyinə nə olduğunu soruşanlara yorulmadan araşdırmanı davam etdirdiyini, yaxında ətraflı məruzə yazacağını deyir. Ancaq həmin arada beyindən kəsdiyi parçaları Amerikanın dörd bir yanındakı elm adamlarına göndərməyi təklif etməkdən də çəkinmir. 1985-ci ildə Kaliforniyanın Berkli Universitetindən Marian C. Diamond Harvey ilə rabitəyə keçir. Beyini araşdıran Diamond Eynşteynin beyin toxumasını bənzər yaş qrupunda 11 adamla müqayisə edərək nəticələri  1985-ci ildə “Experiemental Neurology” jurnalında "Bir dahinin beyni: Albert Eynşteyn" başlığı ilə dərc etdirir. Diamond Eynşteynin beyninin bəzi hissələrində glia hüceyrələrinin əsəb hüceyrələrinə nisbətinin daha yüksək olduğunu, bu vəziyyətin glia hüceyrələrinin bəzi funksiyaları üzərinə götürməsini  iddia edir. Elmi iş başda çox səs gətirsə də, qısa zaman sonra ciddi səhvlər səbəbindən nəzərə alınmır.
 
Tomas Harvey 1990-ci ildə ani bir qərarla 40 ildən çox zaman ərzində bankada mühafizə etdiyi beyni Eynşteynin nəvəsinə təslim etməyə qərar verir. 78 yaşına çatmış bu qəribə adam beynin hekayəsini yazmaq istəyən Maykl Paterniti adlı bir müəlliflə qitə səyahətinə çıxır. Buick maşınla Nyu Cersidən yola çıxan Harvey və Paterniti ikilisinin hədəfi Eynşteynin nəvəsinin yaşadığı Kaliforniya ştatına getmək olur. Baqajda Eynşteynin beynini gəzdirən ikili nəhayət Eynşteynin nəvəsi Evelyni tapır. Evelyn isə aradan keçən yarım əsrdən sonra babasının beynini təslim almağa o qədər də həvəsli olmur, Harvey əlində beyin dolu banka ilə evinə qayıdır.
 
Harvey beyin hissələrini fərqli  elm adamlarına göndərməyi illər boyu davam etdirir. Bəzən özü adı yeni eşidilməyə başlamış bir mütəxəssisə beynin bir hissəsini təklif edir, bəzən də beynin onda olduğunu eşidən elm adamları ondan beyin parçaları istəyir. Bunlardan ən qəribəsi isə 1994-ci ildə Yaponiyadakı Kinki Universitetində professoru Sugimoto Miyuxaranın tələbi olur. Professor Miyuxara bir Eynşteyn heyranı olur və Eynşteynin beynindən bir parça almaq ən böyük xəyalına çevrilir. Bu xəyalını həyata keçirmək üçün yollara düşür və bir sənədli filmin dəstəyilə Amerikaya gəlib Tomas Harveylə görüşür. Artıq qocalmış Harveyin evinə gəlir və ondan məşhur fizikinin beynindən bir parça istəyir. Harvey qısa bir tərəddüd keçirəndən sonra bu tələbi qəbul edir, mətbəxə keçərək oradan çörək taxtası və bir ədəd bıçaq gətirir. Miyuxaranın və sənədli filmi çəkən operatorun qarşısında qapağı çətin açılan bir bankadan məşhur beyni çıxarır. Çörək taxtasının üzərində beyni kəsir və ayırdığı bir hissəni köhnə  dərman bankasına qoyurr. Bankın üzərinə formaldehit əlavə edərək onu  bir az təəccüb, bir az da həyəcanla izləyən Professor Miyuxaraya verir.
 
 
Tomas Harvey 2007-ci ildə ölməzdən əvvəl beynin əlində qalan hissələrinin böyük bir qismini Prinston Universitetinin professoru Dr. Elliot Kraussa təslim edir. Beləliklə, Eynşteynin beyninin qəribə səfəri ailəsinin Harveydə qalan son parçaları da 2010-ci ildə Merilend ştatındakı Milli Səhiyyə və Tibb Muzeyinə bağışlaması ilə sona çatır. 
 
Maraqlı qeydlər
 
Eynşteynin beyni fərqli zamanlarda çox elm adamı tərəfindən tədqiq edilib. Ümumiyyətlə beynin böyüklüyünə görə normal insanların beynindən bir fərqinin olmamasına baxmayaraq, bəzi kiçik struktur fərqlərin olduğu qeyd olunub. Alimlər beynin bəzi bölgələrindəki girintilərin daha dərin olduğunu, sağ beyin yarımkürəsindəki prefrontal korteks bölgəsinin nisbi olaraq geniş olduğunu müəyyən ediblər. Bu tapıntıların Eynşteynin üstün qabiliyyətləri və riyazi dühası ilə uyğun olduğunu hesab edirlər. 
 
Beyinə aid müfəssəl tapıntıları yekunlaşdıran aktual bir məqalə “Brain” adlı bir nevrologiya jurnalında yayımlanıb.
 
Milli Səhiyyə və Tibb Muzeyi Eynşteynin beynindən alınan hissələrin mikroskopik görüntülərini və aparılan təhlillərki tapıntıları ehtiva edən bir ipad tətbiqi edib. 
 
Aşağıdakı təqdim edəcəyimiz video Professor Kenjinin baş rolu oynadığı “Eynşteynin beyni” adlı sənədli filmin ən parlaq səhnəsidir.(Moderator.az)
 

 

 


21:15 27.04.2017
Xəbər lenti
Bütün xəbərlər