KANAL24.AZ
Az Iw En Ru

2060-cı ildə müsəlmanlar xristianları üstələyəcək, ateistlər azalacaq... - STATİSTİKA

2035-ci ildə müsəlman ailələrində doğulan uşaqların sayı xristian ailələrində doğulan uşaqlardan çox olacaq.

Heç bir dini inancı olmayan insanlar isə doğumun düşməsi ilə üz-üzə qalacaqlar.

Pew Araşdırmalar Mərkəzi yeni hesabatında xristian ailələrində doğulan uşaqların sayının son illərdə yüksək səviyyədə qaldığını lakin bu tendensiyanın çox davam etməyəcəyini düşünür. Hesablamalar 20 ildən sonra müsəlman ailələrində doğulan uşaqların sayının xristian ailələrində doğulan uşaqlardan çox olacağını göstərir.

2010-2015-ci illərdə dünyada doğulan uşaqların 31%-i müsəlman olub ki, bu da planetin əhalisinin 24%-ni təşkil edən müsəlmanlar üçün çox yüksək göstəricidir. Xristian əhalisi də artsa da, onların artımı daha azdır. Eyni dövrdə yeni doğulan körpələrin 33%-i xristian olsa da, bu dinin ardıcıllarının dünya əhalisinin tərkibində sayı 31%-dir.

Paralel olaraq, dünyadakı ölüm göstəricilərinə görə də, xristianların payı (37%) dünya üzrə göstəricilərdən yüksəkdir. Bu xüsusən, Avropada və digər xristian bölgələrində yaşlı əhalinin çoxluğu ilə bağlıdır. Təkcə, 2010-2015-ci illər ərzində Almaniyada ölüm halları doğum göstəricilərini 1,4 milyon çox üstələyib. Yaxın onilliklər boyu bu tendensiyanın davam edəcəyi bildirilir.

Qlobal miqyasda isə 2030-2035-ci illər ərzində müsəlmanların doğum göstəricisi 225 milyon, xristianlarda isə 224 milyon olacaq. Bununla belə, xristianların ümumi sayı yenə də çox qalacaq. 2055-2060-cı illərdə isə müsəlmanlar və xristianlar arasında fərq daha da böyüyərək müsəlmanlar üçün 232 milyon, xristianlarda isə 226 milyon təşkil edəcək.

Bundan başqa, 2015-2020-ci illər ərzində 5 dünyada  5 milyon insanın xristianlığı qəbul edəcəyi, daha 13 milyon insanın isə kilsə sıralarını tərk edəcəyi gözlənilir.

Dünyada orta anaolma yaşı 30 yaşdır. Xristianlarda da bu göstərici 30 il təşkil edir. Halbuki, müsəlmanlarda analoji reproduktiv yaş 24, hindlilərdə 27 yaşdır. Müsəlmanların doğum göstərici digər dini qruplarla müqayisədə daha yüksəkdir. Müsəlman qadın ömrü boyu 2,9 övlad dünyaya gətirir. Xristinalarda bu göstərici 2,6, yəhudi və hinduizm ardıcıllarında isə 2,3 səviyyəsindədir.

2015-2060-cı illərdə dünya əhalisinin 32% artaraq 9,6 milyarda çatacağı gözlənilir. Bu dövrdə dünyanın ən gənc və ən yüksək doğum göstəricilərinə malik dini qrupu olan müsəlmanlar 70% artacaq. Xristianların sayı isə eyni dövrdə 34% artacaq. Belə ki, 2060-cı ildə müsəlmanların (3 milyard yaxud 31%) sayı xristianların (3,1 milyard yaxud 32%) sayına yaxınlaşacaq.

Güman olunur ki, 2060-cı ilə hinduizmin ardıcıllarının sayı 27% artaraq 1,1 milyarddan-1,4 milyarda çatacaq. İudaizmə sitayiş edənlərin sayı göstəricisi isə 2015-ci ildəki 14,3 milyondan 2060-cı ildə 16,4 milyona çatacaq. Ənənəvi Afrika dinləri, Çindəki xalq dinləri, Avstraliya və Amerika aborigenlərinin sayı isə 5% artaraq 418 milyondan 441 milyona yüksələcək.
Buddistlərin sayı azalacaq. Bu dinin nümayəndələri 2015-ci ildə 500 milyon nəfərdirsə, 2060-cı ildə 7% azalaraq 462 milyon olacaqlar.

Bəhailər, caynistlər, sikxlər və digər xırda dini qrupların nümayəndələri isə 2015-ci ildə 59,7 milyondan 2060-cı ildəki 59,4 milyon göstəricisinə düşəcəklər.

Ateist, aqnostik və dinə inanmayan digər insanların sayı isə 2060-cı ildə dəyişməyərək 1,2 milyard səviyyəsində qalacaq. Ümumi əhalinin sayında onların payının 15%-dən 13%-ə düşəcəyini Pew Araşdırma Mərkəzi proqnozlaşdırır.


16:02 19.04.2017