KANAL24.AZ
Az Iw En Ru

Analar, azyaşlı uşaqlara mobil telefon verməyin! - AĞIR FƏSADLAR

"Azyaşlı uşaqlar ağlayır, nadinclik edir, valideynlər isə onları əlinə telefon verməklə sakitləşdirir".

Bu sözləri texnologiyanın azyaşlılara ziyanı barədə danışarkən sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, 2-3 yaşında uşaqlar artıq telefonun adi detallarını, funksiyalarını bilir: "Uşaq dünyaya yeni addım atanda telefona asılılığı yaranır. Telefonla, planşetlə, kompüterlə bu cür əlaqədə olmağın müxtəlif təsirləri var. Maneələrlə bərabər həm də uşaqlarımız şüalanmaya məruz qalır. Bu, birbaşa fiziki sağlamlığa ziyandır. Uzun müddət kompüter qarşısında oturmaq sümüklərdə əyilmələrə, qeyri-düzgün inkişafa səbəb olur. Bu, birmənalı şəkildə tənqid olunmalı, nadinclik etməməsi üçün uşağa telefon, planşet verən valideynlər qınanmalıdır.

Uşaqlara daha təhlükəsiz oyuncaqlar vermək, onlarla oynamaq, daim ünsiyyətdə olmaq lazımdır. Mən ana görmüşəm ki, uşaq əl-ayağına dolaşmasın deyə əlinə telefon verir, özü isə başqa otaqda rahat mesajlaşır. Bunlar hamısı milli faciədir. Övladlarımızın bu cür inkişafına yol açmağımız bizim tərəqqimizə mane olan, gələcək milli inkişafımıza zərbə vuran hadisələrdir. Bununla bağlı müəyyən tədbirlər planı, fəaliyyət istiqaməti olmalıdır. Həmin tədbirlər sayəsində biləcəyik ki, qanunvericilikdə necə tənzimlənməlidir, inzibati addımlar nə ola bilər və ya maarifləndirmə hansı istiqamətdə getməlidir. Jurnalistlərin, ümumən medianın və ziyalıların üzərinə nə düşdüyünü də bununla müəyyən edə bilərik.
Bu, böyük bəladır. Amma biz elə hesab edirik ki, sadəcə xoşa gəlməyən haldır".(Sherg.az)


15:22 18.04.2017