KANAL24.AZ
Az Iw En Ru

Türkiyədəki şəhidin azərbaycanlı xanımı: "Onu dəfn etsək də, yolunu gözləyirəm" - FOTO

2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd zamanı şəhid olanlardan biri, Mahmut Coşkunsunun azərbaycanlı xanım, Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi işçi Nigar Coşkunsunun həyat yoldaşı imiş.

O hadisənin üstündən 10 ay keçsə də, Nigar Coşkunsu ailəsinin başına gələn olayları qabartmağı lüzum bilməyib.

"Bu da bizim taleyimizdir", - deyə bu şəhid xanımı bəlkə də dərdini kimsəylə bölüşmək istəməyib, bəlkə də dərdi ilə baş-başa qalmaq istəyib.

Onun barəsində eşitdiyimiz məlumatdan sonra müsahibə almaq istəyimizi o qədər də isti qarşılamadı. Amma dostların köməyi ilə bu istəyimizlə razılaşdı.

Milli.Az beləliklə, Nigar Coşkunsunun modern.az-a müsahibəsini təqdim edirik.  

- Nigar xanım, öncə özünüz haqda məlumat verərdiniz?

- Bakıda doğulmuşam. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. Hazırda Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi işçiyəm.

- Belə anlaşıldı ki, tələbəlik dövrünüz də Qarabağ savaşının şiddətli vaxtlarına düşüb.

- Bəli, biz o zaman da Yasamalda yaşayırdıq. İlk növbədə 20 Yanvar hadisənin canlı şahidləri olmuşuq. Hadisələrin içindəydik. Məktəb vaxtı da hər cümə axşamı şəhidləri ziyarət etməyə gedərdik. Yəni müharibə dövrünü yaşadıq.

- Türkiyə vətəndaşı olan həyat yoldaşınızla tanışlığınız necə baş verdi? Adətən Azərbaycan xanımlarının xaricdə ailə qurma məsələsinə birmənalı yanaşılmır. Böyükləriniz sizi necə qarşıladı?

- Bilirsiniz, mən rusdilli bir insanam. Belə bir şeyin olması heç ağlıma da gəlməzdi. Mahmud özü də deyirdi ki, "xatun, necə oldu mənimlə evlənməyə razılıq verdin?". Həmişə ona da deyirdim ki, sanki Allah gözümü də, dilimi də bağladı. Mahmudun dostu da azərbaycanlı xanım ilə evli idi. Həmin xanım onun xətrini qardaş kimi çox istəyirdi. Onlar  istəyirdi ki, Mahmud Bakıda ailə qursun. Ona görə də, yaxşı qız axtarırdılar. İlk dəfə qardaşımın yoldaşı məni deyəndə etiraz etdim. Azərbaycan dilində yaxşı danışa bilmirdim, qaldı ki, türk dili. Lakin görüş üçün israr etdilər. Mən də oğlanın qəlbini qırmamaq üçün razılaşdım. Tanış olduq. Çox gülərüz biri idi. Məni ilk görəndə qaçmaq istəyibmiş. Müəllim olduğum üçün, gəlişim ona qiymətləndirmə təəssüratı bağışlayıb.(gülür) 

Tanışlıq və söhbətdən sonra birlikdə davam etməyə qərar verdik. Normal olaraq, atam Mahmudu araşdırdı və razılıq verildi. Hər kəs onun başını açağı salıb öz işi ilə məşğul olan biri olduğunu dedi. Deyirlər şəhər böyük kənddir. Hətta onun yaxın dostları Ordubaddan bizim uzaq qohumlar çıxdı.

- Toy burda oldu, yoxsa Türkiyədə?

- Toyimiz Bakıda oldu. Onların ailəsi bir az fərqli idi. Yəni toydan, musiqidən uzaq və dindar ailədirlər.

- Siz həyat yoldaşınızın ailəsi ilə görüşə gedəndə hicab bağladınız?

- Yox! Bilirsiniz, onlar məni belə qəbul etdilər. Mahmudun ailəsi İstanbulda yaşasa da,  məmləkətləri Giresundur. Onlar öz qızlarını Ərzurumlu ailəyə verəndə qarşı tərəf salonda toy olmasını istəsə də, məsələn, gəlinin qardaşı toya getmək istəmədi. Ailələri nikah və xına mərasiminə çox önəm verir.

- Yox! Bilirsiniz, onlar məni belə qəbul etdilər. Mahmudun ailəsi İstanbulda yaşasa da,  məmləkətləri Giresundur. Onlar öz qızlarını Ərzurumlu ailəyə verəndə qarşı tərəf salonda toy olmasını istəsə də, məsələn, gəlinin qardaşı toya getmək istəmədi. Ailələri nikah və xına mərasiminə çox önəm verir.

- Siz rusdilli bir xanım olmusunuz və qatı dindar ailəyə gəlin getdiniz. Bunun öhdəsindən necə gəldiniz?

- Mən tarixçiyəm və çox kitab oxuyurdum. Buna görə də mənim üçün təəccüblü deyildi. Onlar düşünürdü ki, əgər mən hər şeyə açığamsa, hər şeyi edə bilərəm. Halbuki,  onlara da deyirdim ki, mən nə qədər sərbəst olsam da, çox məsələlərdə sizdən də qapalıyam. Qeybət və bu kimi əməllərdən uzağam. Bu, tərbiyədən gələn bir şeydir. Mənim valideynlərim də Quranı bilmirdilər, amma həyatlarını sanki onunla yaşayıblar. Dürüst idilər və başqasının haqqını yemirdilər. Mahmud da həyatda yetim, qul haqqı yemək kimi şeylərdən qorxurdu. O, haqqı qalmasın deyə fəhlənin beş manatını artıq verərdi. Bir az da çox saf idi. Həmişə deyirdim ki, mən sənin yanında çox pis adamam. Adətən türklərin simic olduğunu deyirdilər. Ancaq mən türklərdən tək bir əliaçıq adama rastladım, o da Mahmud idi. O da azərbaycanlıların əliaçıq olduğunu, lakin tək bir simiclə-yəni mənimlə rastlaşdığını deyirdi.(gülür).

Evimiz olmadığı üçün pulları yığırdım. İstanbula gedəndə Mahmud özümə bir şey almadığımdan şikayətlənirdi. Özünə də pul xərclə, deyirdi. Ölümündən sonra Mahmudun kiməsə borcu olub olmadığını soruşdum. Heç kimə borcu yox idi, əksinə hamı ona borclu olduğunu deyirdi.

- İlk dəfə İstanbula evlilikdən sonra, yoxsa əvvəl getdiniz?

- Dayım arvadı və dayımqızı həmişə ora gəzintiyə gedirdilər. Dörd il bundan qabaq 100 dollara gedib-gəlmək kimi bir kampaniya var idi. Hər kəs o biletdən alırdı. Biz də aldıq və Mahmudun ailəsi ilə tanış olmaq üçün getdik. Ailəsi Mahmuddan əlini üzdükləri üçün məni görəndə  sevinmişdilər. Çünki o, 20 il idi ki, İstanbuldan çıxmışdı. Moskva, Tatarıstan, Qazaxıstan kimi yerlərdə işlədikdən  sonra Bakıya gəlmişdi. Hətta rus dilini də bilirdi. Ailəsi ilə tanışlıqdan sonra fevralda nişanımız oldu. Mayda nikah, iyunda isə toy etdik. Hamısı Bakıda oldu.

- Evliliklə paralel elmi işinizi də davam etdirdiniz?

- Təbii, mənim elmi işim davam edirdi. Faktiki olaraq 3 ilə hazırdır.

- Bayaq dediniz, siz Türkiyədə 2016 çevrilişi ərəfəsində uşağınızı həkimə göstərmək üçün ayın 1-də İstanbula getdiniz.

- Həkimə yox, ailəyə. Uşaq Bakıda dünyaya gəlib. Onun ailəsi nəvələrini görməmişdi. 2016-cı ildə o ailədə bir Mahmudun gedişi ilə 4 oğlan uşağı dünyaya gəldi. Oğlumuz Alirza, Mahmudun ölümündən sonra bacısı oğlu, qardaşı oğlu, bir də Mahmudun qardaşının nəvəsi. Onun qardaşı oğluna Mahmud adını verdilər.

- İstanbulda ayın 15-nə qədər qaldınız?

- Biz Ramazan bayramından qabaq ora getdik. Ayın 15-i Şiledə idik. Evə qayıdanda gec idi. Mahmudun bacısı zəng vurub dedi ki, televizora baxın. Televizora baxanda körpüdə tankların olduğunu gördük, lakin nə baş verdiyini başa düşmədik. Mən çevriliş olduğunu anladım.

 

- Siz televizora baxanda hərbi çevriliş olduğunu gördünüz. Bəs həyat yoldaşınızın hadisə yerinə getməməsi üçün cəhd etmədiniz?

- Bilirsiniz, Mahmud televizora baxanda əvvəlcə, inanmadı. Ona görə də bacısı yoldaşı ilə bir yerdə getdi. Hər şey o qədər ani oldu ki. Anası deyir ki, Mahmud kəmərini pilləkənla düşəndə bağlayırdı. Yəni o qədər tələsirdi. Mən normal sağollaşdım. Lakin Mahmuda onun bir oğlu olduğunu xatırlatdım. Ailəsi də onu əngəlləmək istəyirdi. Buna baxmayaraq, o getdi. Onu əcəl çağırdı.

Onlar Ərdoğana baba deyirlər. Hətta sonra onunla bağlı kadrlar əldə olundu. "Darbeçilər"  insanları gülləyəndə də o ayaq üstə hamını onlara qarşı səsləyir. "Baba", "Baba" deyə, hayqırır. Onların ailəsi Ərdoğanı çox sevir.  

- Gedəndən sonra onun haqqında necə məlumat aldınız?

-Mahmudun iki telefonu var idi. Birinə zəng vurdum. O qədər səs-küy gəlirdi ki, bir anlıq onun mitinqdə olduğunu zənn etdim. Atışma səsi yox idi. Mahmudun səsi zəif gəldiyinə görə əlaqəni kəsdik. Bir telefonunun enerjisi bitdiyi üçün  o biri ilə əlaqə saxladım.  Bir qadın telefonu açdı, təəccübləndiyim üçün telefonu bağladım. Düşündüm ki, bəlkə də tibb bacısıdır və Mahmud hansısa xəstəxanadadır. Gecə saat üç idi. Hadisəni öyrənmək üçün Mahmudun qardaşı arvadı, dostu ilə həmin qadının yanına getdik. Qadın tibb bacısı idi. Telefonu körpünün üstündə yaralanan birini xəstəxanaya gətirən tapıbmış. Lakin məlum oldu ki, bu qadın telefonun sahibi zənn etdiyi şəxs yaralı polis olub. Necə olubsa, Mahmudun telefonu düşüb.

Evə qayıtdıq. Hər kəs o qədər rahat idi ki, heç kimdə həyəcan yox idi. Buna aldandım. Mahmudun bacısının yoldaşı ilə əlaqə yaratdılar. Onlar hadisə yerinə bir yerdə getsələr də, ayrı düşmüşdülər. Onun sözlərinə görə, Mahmudu tutmaq mümkün deyildi. Bayrağını boynuna bağlayaraq hamıya  "bu gün də ölməsək, nə vaxt öləcəyik"-deyirmiş. Səhərə qədər gözlədim, ağlayırdım.

Ayın 16-sı səhər saat 9-dan 1-ə kimi Mahmudun ailəsi bütün xəstəxanaları axtardı. Onların dostunun yoldaşı tibb bacısı idi. O, bütün sistemə baxdı. Bilirsiniz, hər şey anlıq idi. Mahmudun öldülüməsi bizə çatmırdı. Xəstəxanada onu görəndə  ilk görüşümüzdəki kimi gülürdü. Sanki yatır, indi oyanacaq kimi idi. Mahmud  ayın 17-sində dəfn olundu.

- Bəs, ondan sonra Bakı ilə əlaqə saxladınız?

- Bakıda hadisədən xəbərdar oldular. Atam, qardaşım, qardaşımın yoldaşı gəldilər. Çoxusu gəlmək istəsə də, cənazəni saxlamaq mümkün deyildi.  Orada hər qəbirstanlığın öz şəhidlik hissəsi var. Mahmudun ailəsi onun da şəhidlikdə dəfn olunmasını tələb etdi. Həmin qəbirstanlıqda onun qardaşı da dəfn olunub. Biz yeddi gün qabaq bayrama görə ora getmişdik. İnanırsınız, 7 gün öncə biz qəbiristanlığı ziyarət edərkən Mahmud indi dəfn olunduğu yeri neçə dəfə gəzdi, dolaşdı.

- Dəfndən sonra Bakıya nə zaman gəldiniz?

- Ayın 20-si üçün bizim biletimiz var idi, qayıtmalı idik. Elə həmin gün Bakıya qayıtdım. Ayın 27-28-i isə Cumhurbaşkanı ilə Kuledə görüş üçün yenidən geri qayıtdım. Mahmudun ölümündən sonra qonşulardan tutmuş rəsmi qurumlara kimi hər kəs bizi ziyarət edirdi. Mahmudun oxuduğu məktəbə, onun yaşadığı küçədəki  avtobus dayanacağına "Şəhid Mahmud Coşqunsu" adı verdilər. Eşitdiyimə görə, Muğla tərəfdəki bir məktəbə də onun adını veriblər. Bir başqa məktəbdə isə konqres salonuna Mahmudun adını veriblər.

- İndi həyat yoldaşınızın qohumları, dostları sizi axtarırlarmı?

- Bəli, axtarırlar.  Sadəcə onların ailəsi dindar olduğu üçün kişilər yox, mənimlə qadınlar əlaqə saxlayır. Ailəsi çox mehribandır.

- Bildiyimizə görə, həmin hadisədə yoldaşı şəhid olan yeganə azərbaycanlı xanımısınız.

- Kaş olmayaydım. Əsas həlak olanlar İstanbuldandır. Eşitdiyimə görə, bayram üçün  Almaniyadan gələn biri də şəhid olub, amma o, türkdür. Şəhidlərin həyat yoldaşlarından yeganə azərbaycanlı xanım mənəm.

- Bu məsələ Cumhurbaşkanı ilə görüşdə vurğulandımı?

- Mən görüş zamanı salona girmədim. Cənazə zamanı ağlamasam da,  həmin gün özümü tuta bilmədim. Çox çətin idi. Halbuki, yalnız Mahmudu axtaran zaman ağlamışdım. Salonda hər kəs sanki bayrama gəlmiş kimi davranırdı. Düşünürəm ki, bəlkə də Mahmudu istədiyi kimi yola saldım.

- Övladınızın adı Əlirzadır. Bu adı kim seçmişdi?

- Mahmud  oğlumuzun adının Əli olmasını çox istəyirdi. Əslində mən də razı idim. Lakin mənim atamın adı Rzadır. Mahmudun atasının adı Dursun, ikinci adı isə  Ali idi. Təklif etdim ki, buna görə övladımızın adı Əlirza olsun.

- Həyat yoldaşınızın övladı ilə bağlı hansı arzuları var idi?

- O həmişə deyirdi  ki, təhsil səndən, amma başqa şeylər məndən olacaq. Uşağın təlim-tərbiyəsini mənə həvalə etmişdi. Mahmud o qədər gözəl insan idi ki... Həmişə yemək yeyəndə dünyada çox ac insan olduğunu vurğulayır, quru çörəkləri atmırdı.

- Türkiyə şəhid ailəsi olaraq sizə hansısa güzəştlər veribmi?

- Bilirsiniz, məncə Türkiyə şəhid ailələri üçün gərək olan bütün güzəştləri edir. Bunu mən də öz ailəmizə münasibətdə görmüşəm. Əlirza artıq Türkiyə dövlətinin əmanətidir.

Amma düşünürəm ki, Mahmud itkisi bizi hələ çox uzun zaman əzəcək.

Mən xəstəxanada Mahmudun güllə yarasından həyatını dəyişdiyini görsəm də, onu gözləyirəm. Qayıtmayacağını bilə-bilə qayıdacağına ümid edirəm. Gözüm onun yollarındadır. Əlirzanı atasız qoymayacağına ümid bağlayıram.

İnanın, hələ də səhər gedib axşam evə gələcəyini zənn edirəm. Bizim üçün axşam saatları, onun işdən evə döndüyü anlar çox çətin olur. Hər an qapının zənginin çalınacağı, onun güləüzlə içəri girəcəyi, üst-başını dəyişmədən oğlumuzu qucağına alacağı anlar... Biz sənin üçün çox darıxırıq Mahmud! Səni çox özlədik!         

 


19:47 17.04.2017