KANAL24.AZ
Az Iw En Ru

İmam Əlinin (ə) adına Qurani-Kərimdə necə işarə olunub?

Qurani-Kərimdə İmam Əlinin (ə) adı birbaşa qeyd olunmayıb, ancaq Həzrətin (ə) şəninə 300-dən çox ayənin nazil olduğu bildirilir. Bu barədə İbn Əsakər və İbn Abbasdan nəql olunan hədislərdə qeyd olunur.

İmam Sadiq (ə) buyurub: "Əgər Quran, Allahın istədiyi və nazil etdiyi şəkildə tilavət olunub düşünülsə (araşdırılsa), həqiqətən göstərilən nişanələrdə bizi tapacaqsınız".
Əbu Bəsir deyir:  "İmam Sadiqə (ə)  ərz etdim ki, camaat deyir: "Nə üçün Əlinin (ə) və onun Əhli-Beytinin (ə) adı Quranda yoxdur?".
Buyurdu: "Onlara de ki, namaz Allahın Rəsuluna  (s) nazil oldu. Amma Allah, onun rükətərinin sayını - üç, dörd sayda olduğunu Kitabında deməyib. Onları Allahın Rəsulu (s) camaat üçün təfsir edib və ..."".
 
Bu hədisə əsaslansaq, Quranda İmam Əlinin (ə) adının qeyd olunmamasına baxmayaraq, Peyğəmbərimiz (s) tərəfindən ünvanının göstərildiyini görərik. Belə ki, İmam Əli (ə) Qurani-Kərimdə bizə "Allahın möhkəm ipi", "qopmaq bilməyən möhkəm bir dəstək", "aydın və aşkar yol", "Siratül-müstəqim", "şükür edənlər, "savab", "Allahın yanında olan nemət", "Allaha yaxınlaşdıracaq vəsilə" və s. kimi tanıtdırılır. Bundan başqa, "ey iman gətirənlər", "iman gətirib saleh işlər görənlər", "iman edib saleh əməl edənlər" kimi müraciətlərinin Qurandakı ilk başdakı ünvanının İmam Əli (ə) olduğu hədislərlə bizə çatdırılır. Aşağıda qeyd olunan ayələrə diqqət yetirsək və düşünsək, Allah Təalanın əslində İmam Əli (ə) necə tanıtdırdığını aydın görərik.
 
Hafiz Süleyman ibni İbrahim Qunduzinin rəvayətinə görə, İbni Təlhə Əl-Hələbi Şafii "Durrul-Mənsur" kitabında belə rəvayət etmişdir: "Bilin ki, bütün səmavi kitabların sirləri Qurandadır və Quranda olan bütün sirlər "Fatihə" surəsindədir. "Fatihə" surəsində olan bütün sirlər isə "Bismilləh"dədir. "Bismilləh"də olan bütün sirlər "Bismilləh"dəki "bə" hərfindədir. Bə hərfində olan sirlər isə bə hərfinin altındakı nöqtədədir". Daha sonra İmam Əlinin (ə) belə buyurduğunu rəvayət etmişdir: "Mən bə hərfinin altındakı nöqtəyəm".
Hafiz Qunduzinin başqa rəvayətində isə Hakim Tirmizi, İbni Abbasın bu ayənin təfsirində belə dediyini rəvayət etmişdir: "İmam Əli (ə) "Bismilləhir-Rahmənir-Rahim"də olan bə hərfinin altındakı nöqtənin mənasını axşamdan sübh namazına qədər təfsir edərdi, amma yenə də bitməzdi". (Qunduzi: Yənabiul-Məvəddə səh. 69-70)
 
"Fatihə surəsi", 6: "İhdinəs-siratal müstəqim" ("Bizi doğru yola hidayət elə")
İmam Sadiqdən (ə) nəql olunub: "Sirati-müstəqim (doğru yol) - Əmirəl-möminin Əlidir (ə)". ("Biharul-ənvar", 24-cü cild, səh.16; "Minhacus-sadiqin", 1-ci cild, səh.116; "Əyyaşi Təfsir", c-1, s. 24, həd. 25; "Məani əl-əxbər", səh. 32, həd. 2).
 
Sələbi "Kəşfül-Bəyan fi Təfsirul-Quran" adlı təfsiri kitabında, bu ayənin təfsirindən belə danışır: "Ya Rəbbim, bizi doğru yola hidayət elə" ayəsinin təfsirində Müslim ibni Həyyanın Əbu Bureydədən belə dediyini eşitdim: "Sirat dedikdə (doğru yol) Həzrət Muhəmməd (s), Həzrət Əli (ə) və Əhli-Beytidir (ə)". (sənəd: Rəşfətul-Sadi səh. 25, Yənabiul Məvəddə səh.114)
 
"Fatihə"  surəsi, 7: "Nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!"
Hafiz Hakim Həskani (Hənəfi) "Şəvahid Tənzil" adlı kitabında qeyd edir: "Nemət verdiyin kəslərin yoluna,  yəni Həzrət Məhəmməd (s), Əli ibn Əbu Talib (ə) və tərəfdarları". ("Şəvahid tənzil", c.1, səh. 66).
 
"Bəqərə" surəsi, 2: "Müttəqiləri hidayət etməkdə şübhəsi olmayan bir kitabdır"
Əhli-sünnə alimləri  Abdullah ibni Abbasın bu ayənin təfsirində belə nəql etdiyini söyləmişlər: ""Şübhəsi olmayan" dedikdə, yəni Allah tərəfindən olmasında şübhəsi olmayan, "hidayət" dedikdə, yəni "aşkar və nurlu yol", "müttəqilər" dedikdə isə, məqsəd Əli ibn Əbu Talidirdir. Ona görə ki, İmam Əli (ə) biz göz qırpımı qədər də olsun Allaha şərik qoşmayıb". (Şəvahidut-Tənzil c.1, səh.67)
 
"Bəqərə" surəsi, 3: "Onlar verdiklərimiz rizqdən sərf edərlər"
Əllamə Həfiyyə Mir Məhəmməd Salih Tirmizi bu ayə ilə bağlı olaraq, Əhməd ibni Musa Mərdəveyhdən belə rəvayət etmişdir: "Bu ayə Əmirəl-möminin Əli (ə) haqqında endirildi". (Əl-Mənaqibul Mir kəşfi Hənəfi)
 
"Bəqərə" surəsi, 5: "Məhz onlar (Quranın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır"
Salman Farsi (r.ə) deyir ki, mən və Əmirəl-möminin (ə) nə vaxt Həzrət Rəsulun (s) qarşısına çıxırdıqsa, Həzrət (s) buyururdu: "Ya Salman! Əli və tərəfdarları Qiyamət günü nicat tapanlardır". ("Şəvahidul-tənzil", c.1, səh. 69).
 
"Bəqərə surəsi", 37: "Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr öyrəndi və tövbə etdi. Allah da ona nəzər edərək, tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır"
 
İbn Abbas (r.ə) rəvayət edir ki, Həzrət Adəm (ə) Allah Təalaya bu cür yalvararaq tövbə etdi: "Ya Rəbbim! Səni and verirəm Muhəmmədin (s), Əlinin, Fatimənin, Həsənin, Hüseynin haqlarına, məni bağışla!". ("Mənaqib Əli ibn Əbi Talib, səh.63, Suyuti əl-Şafii, c.1, səh. 60).
Şeyx Kuleyni də Adəmin (ə) bu cür tövbə etdiyini nəql edib ("Əl-Mizan" təfsiri, c1. səh. 237).
 
"Bəqərə surəsi", 43: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin"
İbn Abbas (r.ə) rəvayət edir ki: "Bu ayə Peyğəmbər (s) və İmam Əli (ə) haqqında nazil olmuşdur. Çünki ilk namaz qılan və rüku edən onlar idi". (Xarəzmi, "Mənaqib Əli ibn Əbi Talib", bab 1, səh.198; Zəhəbi, "Mizinul-etiqad", s.223-224; "Üsdul-ğabə", c.3, səh. 93-94).
 
Qeyd. Həzrət Əlinin (ə) Peyğəmbərlə ilk namaz qılan şəxs olması haqqında mənbələrdə kifayət qədər məlumat var deyə, burada çox dayanmırıq. Misal üçün "Sünəni Tirmizi", 3728-ci hədis.
 
"Bəqərə" surəsi, 45: " (İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir. "
Hakim Həsnaki Hənəfinin rəvayətinə görə, İbni Abbas belə dediyini rəvayət edirlər: "İbni Abbas dedi ki, "qəlbən itaətkar olanlar" dedikdə, məqsəd Həzrət Muhəmməd (s) və Əlidir (ə) və bu ayə onlar haqqındadır". (Şəvahidul-tənzil", c.1, səh. 89)
 
"Bəqərə" surəsi, 124: "Rəbbi dedi: "Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim". (İbrahim) dedi: "Övladlarımdan necə?"".
Abdullah ibni Məsud bu ayənin təvilində Peyğəmbərin (s) belə söylədiyini rəvayət edir: "Uca Allah İbrahimin (ə) nəslindən məni peyğəmbər, Əlini (ə) isə vəsi seçdi". (Məğazili Mənaqib Əli ibni Əbu Talib səh 276, Şəvahidut tənzil c.1, səh 92)
 
"Bəqərə" surəsi, 142: "De: "Şərq və qərb Allahındır, istədiyi şəxsi (bəşər cəmiyyətinin xeyrinə olan) doğru yola hidayət edir"".
Hakim Həskaninin rəvayətinə görə, Hüzeyfədən Həzrət Peyğəmbərin (s) belə buyurduğu söylənir: "Həqiqətən Əlini (ə) özlərinə vəli (ağa və dost) tutarlarsa, onu haqq yolu və doğru yolla aparan bir İmam (rəhbər) görərlər". (Kənzul Ummal həd. 32966, Şəvahidut tənzil c.1, səh 63-64)
 
"Bəqərə surəsi", 143: "Beləcə sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun".
Hakim Həskani İmam Əlinin (ə) belə buyurduğunu rəvayət edir: ""İnsanların üzərinə şahid olasınız" ayəsində məqsəd budur ki, Peyğəmbər (s)  bizə (Əhli-Beytə (ə)) şahiddir, biz də insanlara şahidik, insanların üzərindəkilərin üzərinə höccətik. "Beləcə sizi orta ümmət etdik" (Yəni Peyğəmbərlə (s) camaat arasında yerləşənlərlə). ("Şəvahidut tənzil c.1, səh 92").
 
"Bəqərə" surəsi, 153: "Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən, Allah səbir edənlərlədir".
Abdullah İbni Abbas Həzrət Peyğəmbərin (s) belə söylədiyini nəql edir: "Allah Quranda hər nə qədər "ey iman gətirənlər" ayəsini nazil etmişsə, bu müraciətin ilk başdakı ağası Əlidir (ə)". (İrcəhul-Mətalib səh.29)
 
"Bəqərə" surəsi, 207: "İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır. Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır"
Hakim Nişapuri İbn Abbasdan belə nəql edir: "Əli (ə) bir an belə tərəddüd etmədən öz canını Peyğəmbərin (s) canı yerinə fəda edərək, onun paltarını geyindi...". (Müstədrək Aləs-Səhiheyn Hakim Nişapuri c3. s4)
 
"Bəqərə" surəsi, 256: "Dində məcburiyyət yoxdur. Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir".
Xarəzmin nəql etdiyi bir rəvayətdə Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) belə dediyini rəvayət etmişdir: "Sən - qopmaq bilməyən möhkəm bir dəstəksən". ( Mənaqibul Xarəzmi səh.24)
 
"Bəqərə" surəsi, 261: "Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir"
Hakim Həskaninin rəvayətinə görə, İmam Baqir (ə) bu ayənin təfsirində belə demişdir: "Quranda "mallarını Allah yolunda xərcləyənlərin məsəli" ayəsi İmam Əlinin fəziləti haqqında nazil olmuşdur" (Şəvahidut tənzil c.1, s.106)
 
"Bəqərə" surəsi 269: "Hikməti (şəriət hökmlərini və əqli və əməli maarifi) istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da çoxlu xeyir verilmişdir. Əsil ağıl sahiblərindən başqa heç kəs öyüd almaz"
İbni Məsud Peyğəmbərin (s) belə dediyini nəql edir: "Hikmət 10 yerə bölündü, 9 hissəsi Əliyə (ə) verildi və 1 hissəsi də insanlara verildi". (İbni Hənbəl "Fəzailu Əli İbni Əbu Talib c1, s63; Hakim Həskani "Şəvahidut Tənzil c.1, s.106 və s.)
 
"Bəqərə" surəsi 274: "Öz mallarını gecə və gündüz, gizlin və aşkar (şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar"
Xarəzmi, Səalibi, Maliki, Əbu Nəim və başqaları İbn Abbasdan nəql etmişlər ki, Əlinin (ə) hər gün yanında 4 dirhəmi olardı. Onlardan Allah yolunda birini gecə, birini gündüz, birini gizli və birini də aşkar surətdə sədəqə verərdi. Ona görə bu ayə Əli (ə) barədə nazil oldu.
 
"Bəqərə" surəsi, 285: "Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə (peyğəmbərlərə) iman gətirdilər (və dedilər): "Onun elçilərinin heç biri arasında fərq qoymuruq". Həmçinin dedilər: "Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; (hamının) qayıdış(ı) Sənə tərəfdir!"".
Xarəzmi Muhəmməd ibni Həməveynidən nəql edir ki, Əbu Səlma deyir: "Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Meracda Allah mənə dedi: "Peyğəmbər (s) (Rəbbi tərəfindən) ona nazil edilənə iman gətirdi".
Mən də dedim ki, "möminlər də".
Allah dedi: "Ey Əhməd (s), sənə salam olsun, sən doğru söylədin. Özündən sonra yerinə kimi seçdin?".
Mən dedim: "Əhlimin ən xeyirlisini seçdim".
Dedi: "Əlinimi seçdin?".
Dedim: "Bəli, ey Rəbbim".
Dedi: "Ey Əhməd! Mən nəzər saldım (Adəm övladına) səni seçdim, sənə Öz adlarımdan birini verdim ki, Mən hər zikr edildiyimdə sən də zikr ediləsən (xatırlanasan). Mən Mahmudam, sən isə Muhəmmədsən (s). Sonra bir daha nəzər saldım və Əlini (ə) seçdim, ona adlarımdan bir ad verdim. Ən Uca olan (Əliyyul Əla) mənəm, o da fəzilətləri uca olan Əlidir.
Ey Əhməd! Səni, Əlini, Fatiməni, Həsən və Huseyni (ə) Öz (məxsusi yaratdığım) nurumdan xəlq etdim. Sonra da sizin vilayətinizi (sizi sevmək və ya sizin ağalığınızı) göylərə və yer üzünə təqdim (ərz) etdim. Kim sizin vilayətinizi qəbul etdisə, zəfər çalmış və möminlərdən olmuşdur. Kim də sizin vilayətinizi inkar etmişsə - küfrə və zəlalətə (azğınlığa) düçar olar. Ey Əhməd! Bir bəndə kökü (soyu) kəsilənə qədər mənə ibadət etsə də, əgər vilayətinizi inkar etsə, onu əfv etməyəcəm. Ancaq Mənim yanıma sizin vilayətinizlə gələrsə...". (Xarəzmi "Məqtəl Huseyn" c.1,səh.95; "Fəraidus-Səmteyn" c.2; "Yənabiul-Məvəddə" səh.486).
 
"Ali-İmran" 7: "Halbuki (mütəşabeh ayələrin) onun yozumunun Allah və elmdə rasix (dərin) olanlar bilir".
İbn Həcər Əsqəlaninin rəvayətinə görə Həzrət Peyğəmbər (s) belə buyurdu: "Mən Quranın nazil olması üçün necə savaşdımsa, Əli də Quranın yozumu üçün savaşacaqdır".
Başqa bir hədisdə isə buyurmuşdur: "Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Kim elm tələb edərsə, İmam Əlinin qapısına gəlsin". ("Mənaqib" ibn Məğazili səh.84).
Başqa bir hədisdə demişdir: "Məndən sonra insanlar Quranın (təvilində) yozumunda bilmədikləri şeyləri Əlidən öyrənəcəklər". ("Şəvahidut-Tənzil" c.1, səh.29).
 
"Ali-İmran" surəsi, 51: "Doğrudan da Allah həm mənim Rəbbimdir, həm də sənin Rəbbindir. Ona ibadət edin doğru yol budur".
Hakim Həskani Hənəfinin rəvayətinə görə Peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurdu: "Ey Əli, sən - aydın və aşkar yolsan, sən - doğru yolsan və sən möminlərin yəsubusan" (yəsub - yəni bal arılarının padşahı). ("Şəvahidut-tənzil "c.1 , səh . 58)
 
"Ali-İmran" surəsi, 61: (Nəsranilərə, yəni xristianlara) de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü. siz də özünüzü çağıraq və sonra bir-birimizə qarğış edək və Allahın lənət etməsini yalançılara istəyək".
Fəxri Razi bu ayənin təfsirində belə rəvayət edir ki, Həzrət Peyğəmbər (s) o gün (yəni qarğış günü) əyninə qara yundan toxunmuş bir əba geyinərək, mübahilə (yəni qarğış) etmək üçün şəhərdən kənara çıxdı. Allahın Rəsulu (s) sevimli və əziz nəvələrindən İmam Hüseyni (ə) böyük bir sevgi ilə qucağına almış və İmam Həsənin (ə) dərin bir məhəbbətlə və mehribancasına mübarək əllərindən tutmuşdu. Xanımlar xanımı Siddiqeyi-kubra Ümmul-möminin Fatimeyi-Zəhra (s.ə.) Peyğəmbərin (s) ardınca böyük bir ruh yüksəkliyi və coşqu ilə, Allahın şiri olan İmam Əli (ə) isə hər zamanda olduğu kimi üzüağ və alnıaçıq şəkildə iti və yenilməz addımları ilə böyük bir aramlıq və ürəklə Fatimeyi-Zəhranın (s.ə) ardınca mübarək qədəmlərilə irəli addımlayırdı. Əziz Peyğəmbərimiz (s) onlara belə buyurdu: "Mən Allaha dua edərkən, sizlər də amin deyin".
Nəcran xristianlarının başçısı (Əskaf Nəcran) Peyğəmbər (s) və onun Əhli-Beytinin (ə) uca əzəmətini gördükdə, öz camaatına dönərək belə dedi: "Mən elə çöhrələr görürəm ki, əgər Allahdan bir dağın yox olmasını istəsələr, Allah qəbul edəcəkdir. Qətiyyən bunlarla mübahilə etməyin, çünki həlak olarsınız. Belə ki, Qiyamətə qədər Yer üzündə bir nəfər də olsun xristian qalmaz". (Fəxri Razi "Təfsiru -kəbir" c.8, səh. 80)
 
"Ali-İmran" surəsi, 103: "Hamınız Allahın ipindən yapışın və firqələrə parçalanmayın...".
Əhli-sünnə alimlərindən Qunduzi, Muhəmməd Səbban Misri, Şafei alimi Şəblənci və İbni Həcər belə rəvayət etmişlər: "Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) əlindən tutub, "Ondan yapışın və bu, Allahın möhkəm ipidir" dedikdən sonra, yuxaridakı ayəni tilavət etdi, yəni oxudu".  "Yənabiul-məvəddət" səh.118-119; "Səvaiqul-mihriqə" səh.93).
 
"Ali-İmran" surəsi, 104:  "Gərək sizdən xeyrə çağıran, yaxşılıqlara əmr edən və pisliklərdən çəkindirən bir camaat olsun və onlar nicat tapanlardır".
Hakim Həskani Hənəfinin rəvayətinə görə, İmam Əli (ə) belə dedi: "Salman Farsi mənə dedi: "Ey Əbəl-Həsən! Mən və sən Peyəmbərin (s) yanında olarkən Peygəmbər (s) mübarək əlini belimə (kürəyimə) vuraraq (qoyaraq) belə buyurdu: "Ey Salman! bu və tərəfdarları nicat tapanlardır"". ("Şəvahidut-tənzil " c.1 , səh. 68)
"Ali-İmran" surəsi 144: "Muhəmməd (s) ancaq Alahın bir peyğəmbəridir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər, bəlkə o, öldü və ya öldürüldü - siz geri dönəcəksinizmi? Halbuki, geri dönən şəxs Allaha heç bir zərər yetirə bilməz. Tezliklə Allah şükür edənləri mükafatlandıracaq".
Huzeyfə əl-Yəmani belə dedi: "Ühüd savaşında Peyğəmbər (s) müşriklər ilə savaşa başlayanda, səhabələr məğlub olduqlarını görüb qaçırlar. Peyğəmbərin (s) yanında İmam Əli (ə) və Əbu Dücanə qalaraq peyğəmbəri (s) müşriklərdən qorudular. Allah bu ayəni İmam Əli (ə) və Əbu Dücanə haqqında nazil etdi. ("Şəvahidut-tənzil" c.1, səh.136)
 
"Ali-İmran" surəsi 145:  "Kim dünya savabını istəsə - ona verərik, kim axirət savabını istəsə - ona verərik. Tezliklə şükür edənləri mükafatləndıracağıq".
İbn Abbas belə deyir: "Uca Allah Quranın 2 ayəsində İmam Əlini (ə) şükür edənlər deyə zikr etmişdir". (yəni "Ali-İmran", ayə 144-145) ("Şəvahidut-tənzil": c.1 , səh. 136)
 
"Ali İmran" surəsi, 185:  "Hər kim oddan uzaqlaşdırılıb cənnətə daxil edilsə, mütləq muradına çatmış olur...".
Məğazilinin rəvayətinə görə, Həzrət Peyğəmbər (s) belə buyurdu: "Qiyamət günü olanda cəhənnəm körpüsünün üzərində bir yol vardır. İmam Əli ibni Əbu Talibin (ə) vilayətini qəbul etməyənlərə bu yoldan keçmələrinə izn verilməyəcəkdir" (yəni onlar keçə bilməyəcəklər). (Mənaqib "ibni Məğazili" səh. 242)
 
"Ali-İmran" surəsi 195 "...bu, Allah yanında olan bir savabdır. Savabın yaxşısı Allah yanındadır".
Hakim Həskani bu ayəni bəyan və təfsir edərkən deyir ki, Peyğəmbər (s) bu ayə haqqında İmam Əliyə (ə) belə dedi: "Ey Əli! bu ayədəki savab - sənsən". ("Şəvahidut-tənzil" c.1, səh.138)
 
"Ali-İmran" surəsi, 198: "...bu, Allah yanında olan nemətdir. Yaxşı iş görənlər (əbrurlar) üçün Allahın yanındakı (daha) xeyirlidir".
Əsbağ ibni Nəbbat rəvayət edir ki, Həzrət Əlinin (ə) belə buyurduğunu eşitdim: "Həzrət Peyğəmbər (s) əlimdən tutaraq, belə buyurdu: "Ey qardaşım! Bu ayədəki nemət (nuzul) sənsən, yaxşılar (əbrarlar) isə sənin şiələrindir"". ("Şəvahidut-tənzil" c. 1, səh. 138)
 
"Tövbə" surəsi, 32: "Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir".
İmam Kazımdan (ə) rəvayət olunmuşdur ki: "Onlar (... və ya Bəni Uməyyə, Bəni Abbas) istəyirlər ki, Allahın nurunu, yəni "Əmirəl muminin İmam Əli ibn Əbu Talibin (ə) vilayətini" söndürələr. Ancaq Allah qoymaz ki, bu iş baş versin və Allah İmam Əlinin (ə) vilayətini tamamlayacaqdır" (İmam Məhdinin (ə.f) zühuru ilə). (Kafi, 1/95)
 
"Nisa" surəsi, 59:  "Ey iman gətirənlər! Allaha, Rəsuluna və sizdən olan əmr sahiblərinə itaət edin!".
Bu ayə Həzrət Peyğəmbərin (s) İmam Əlini (ə) Mədinədə öz yerinə xəlifə təyin etdiyi vaxt nazil olmuşdur. Uca Allah bu ayədə müsəlmanlara Peyğəmbərə (s) və onun öz yerinə təyin etdiyi əmr sahibi və xəlifəsinə itaət etmələrini əmr etmiş və onlara qarşı itaətsizliyini qadağan etmişdir. ("Ğayətul-məram" səh. 263-264)
 
"Nisa" surəsi, 145: "Həqiqətən münafiqlər (ikiüzlülər) atəşin alt təbəqəsindədirlər"
İbni Əsakirin, Əhməd ibni Hənbəlinin rəvayətinə görə Həzrət Peyğəmbər (s) belə buyurmuşdur: "Ey Əli! səni ancaq mömin sevər və sənə ancaq münafiq nifrət edər (buğz edər)" və Həzrət Peyğəmbər (s) yuxarıdakı ayəni oxudu. ("Tarixi İbni Əsakir" c.2, səh. 253)
Məğazili Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişdir: "Vay olsun Əhli-Beytimə (ə) zülm edənə! Cəhənnəmin alt təbəqəsində cəzalandırılacaqdır!". (İbni Məğazili "Mənaqib" səh. 66)
 
"Nisa" surəsi 173: "İman gətirib saleh əməl edənlərə gəlincə, onların mükafatını Allah artıqlaması ilə verəcəkdir".
Hakim Həskani İbni Abbasın belə dediyini rəvayət edir: "Quranda hər nə qədər "iman edib saleh əməl edənlər" deyilirsə, bu sözlərə layiq olanların ağası Əlidir (ə). Uca Allah Öz Kitabında səhabələri tənqid etdiyi halda, İmam Əli (ə) haqqında xeyirdən başqa bir söz deməmişdir". ("Şəvahidut-tənzil" c. 1, səh. 21)
 
"Maidə" surəsi, 1: "Ey iman gətirənlər! (öz bağladığınız) əqdlərə (müqavilələrə) vəfa qılın (sadiq qalın, yerinə yetirin)".
Zəhəbi adlı alim Abdullah ibni Abbasın bu ayənin təfsirində belə dediyini nəql etmişdir ki, Quranda hər nə qədər "Ey imam gətirənlər" müraciəti varsa, bu müraciətin ağası - başda Əlidir (ə). Uca Allah Öz Kitabında səhabələri tənqid etdiyi halda, Əlini (ə) hər zaman yaxşılıqla anmışdır (xatırlamışdır). (Zəhəbi, "Mizanul-itidal" c.3, səh.311)
 
"Maidə" surəsi, 3: "Bu gün dininizi kamil etdim, sizə olan nemətimi tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim".
Əbu Hureyrədən rəvayət edilir ki, Zil-hiccə ayının 18-də (Qədir-Xum günündə) Həzrət Peyğəmbər (s) belə buyurdu: "Mən kimin mövlasıyamsa (rəhbəriyəmsə), Əli də onun mövlasıdır "(rəhbəridir)". Bu vaxt "bu gün dininizi kamil etdim" ayəsi nazil oldu. Belə deyilir ki, Peyğəmbər (s) İmam Əlinin (ə) xəlifəliyini bəyan etdikdən sonra: "Əliyə Möminlərin əmiri deyərək, salam verin" deyə buyurdu. Sonra Peyğəmbər (s) təkbir deyərək, "Əllahu Əkbər dini kamil etdiyi üçün, nemətini tamamladığı üçün, Əlinin (ə) vilayətinə razı olduğu üçün" buyurdu. ("Əd-durrul-mənsur" c.3, səh. 19; "Mənaqib" İbni Məğazili səh. 322-323; "Məqtəli Hüseyn" Xarəzmi c.1, səh.470-480; "Mənaqib" Xarəzmi səh. 80)
 
"Maidə" surəsi, 9: "Allah iman gətirib saleh əməl edənlərə bağışlanma və böyük əcr (muzd) vədəsi vermişdir"
Əllamə Hənəfiyyə Məvfiq ibni Əhmədin rəvayətinə görə Yəzid ibni Şərahil Ənsari İmam Əlinin (ə) belə dediyini eşitdim deyir: "Həzrət Peyğəmbər (s) belə dedi: "Ey Əli! Allahın bu ayəsini eşitmisənmi? Allah "iman edib saleh əməl edənlər" deyəndə səni və sənin şiələrini nəzərdə tutmuşdur və bizim görüşəcəyimiz yer - Kövsər hovuzun başıdır". ("Mənaqib-ul Xarəzmi" səh.187)
 
"Maidə" surəsi, 10: "Onlar ki, küfr etdilər (həqiqəti dandılar) və ayələrimizi yalan saydılar. Onlar cəhənnəm əhlidirlər".
İbni Məğazilinin rəvayətinə görə İbni Abbas dedi ki, Peyğəmbər (s) buyurdu: "Küfr edənlər və ayələrimizi yalan sayanlar", yəni Əlinin (ə) vilayətinə küfr edib, onu yalan sayanlar (bilin ki,) Əlinin vilayət (höküməti, rəhbərliyi) haqqını tanimaq bütün aləmlərin üzərinə fərzdir (vacibdir). ("Mənaqib İbni Məğazili" səh. 322-323)
 
"Maidə" surəsi 16: "... Onları doğru yola yönəldir"
Hakim Həskani Hənəfinin rəvayətinə görə, Yəman Məvla Məsab ibni Zubeyr belə demişdir: "Əli ibni Əbi -Talib insanları doğru yola yönəldir (hidayət edir)". ("Şəvahidut-tənzil" c.1, səh.65)
 
"Maidə" surəsi, 35: "Ey iman gətirənlər! Təqvalı olun, sizi Allah yaxınlaşdıracaq vəsilə axtarın...".
İmam Əli (ə) buyurdu ki, Peyğəmbər (s) bu ayənin təfsirində belə buyurdu: "Övladlarımdan gələn İmamlara itaət - Allaha itaətdir. Onlara üsyan isə Allaha üsyandır. Onlar - qopmayan qulp (urvətil-vusqa) və Allaha vəsilədirlər". ("Müvəddət Pinarları" səh. 92)
 
"Maidə" surəsi 54: "Allah onları sevər, onlar da Allahı sevərlər".
Fəxri Razi bu ayənin təfsirində belə rəvayət etmişdir: "Bu ayə İmam Əlinin (ə) haqqında nazil oldu" dedikdən sonra belə nəql edir: "Peyğəmbər (s) bayrağı ona verdiyi gün (Xeybər döyüşündə) buyurduğu söz ona dəlalət edir: "Bayrağı elə birisinə verəcəm ki, o, Allahı və onun Rəsulunu sevir, Allah və onun Rəsulu da onu sevir". Bu vəsf edilən sifətlər ayədə zikr edilən sifətlərdir". ("Məfatihul-ğeyb" c.12, səh.30; "Əsnal Mətalib lil cəzni" səh. 10-11.)
 
"Maidə" surəsi, 55: "Sizin hökmdarınız (vəliniz) ancaq Allah, onun Rəsulu və iman gətirənlərdir: O kəslər ki, namaz qılar və rüku halında zəkat verər".
Fəxri Razi belə rəvayət edir: "Əbuzər dedi: "Bilin ki, Peyğəmbər (s) ilə birlikdə günorta (zöhr) namazını qıldığımız vaxt bir dilənçi məsciddəkilərdən sədəqə istədi, amma heç kim ona bir şey vermədi. Bu vaxt İmam Əli (ə) rüku halında idi (nafilə namaz qılarkən). Sağ əlinin kiçik (çeçələ) barmağını ona doğru uzatdı. Barmağında üzük var idi. Dilənçi gəlib barmağındakı üzüyü çıxarıb aldı. Bunu bilən Peyğəmbər (s) Allaha belə dua etdi: "Ey Rəbbim! Qardaşım Musa Sənə dua etdi ("Taha" surəsi 25-35), Sən də ona sənin istəklərin sənə verildi "Ey Musa!" deyə vəhy etdin. Ey Rəbbim! Mən də Sənin qulun və peyğəmbərlərindənəm. Mənim də könlümü aç, işlərimi asan elə, ailəmdən Əlini mənə yardımçı ver və onunla qüvvətimi artır". Əbuzər deyir ki, Allaha and olsun ki, Peyğəmbər (s) sözünü yenicə tamamlamışdır ki, Cəbrail (ə) bu ayəni ("Maidə" surəsi, ayə 55) gətirdi". (Fəxri Razi "Təfsir-ul Kəbir" c.12, səh.26 "Beyrut çapı").
 
"Maidə" surəsi, 56: "Kim Allahı, Onun Peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə, (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir.
İbni Abbas belə demişdir: "Bu ayə İmam Əli (ə) haqqında məxsusi olaraq nazil oldu". Hakim Həskani bu ayənin təfsirində deyir: "İbni Abbas Peyğəmbərdən (s) belə rəvayət etmişdir: "..... Üzuyü sənə kim verdi?". Dilənçi belə dedi: "Ayaq üstə duran kişi (yəni Əli ibni Əbu Talib)". Peyğəmbər (s) belə soruşdu: "Üzüyü hansı vəziyyətdə verdi?". O, dedi: "Üzüyü namazda rüku halında verdi". Peyğəmbər (s) bunu eşitdikdə təkbir deyərək, belə dedi: "Uca Allah buyurur: (yuxarıdakı ayəni oxuyur)". ("Şəvahidut-tənzil" c.1, səh.185-186)
 
"Maidə" surəsi, 67: "Ey Rəsul ( Elçi )! Rəbbin tərəfindən sənə nazil olanı çatdır".
Vahidinin nəqlinə görə, bu ayə Qədir-Xum günü Əli ibn Əbu Talib (ə) haqqında nazil oldu. (Vahidi "Əsbabun-nuzul" səh. 135)
Fəxrəddin Razi bu ayənin təfsirində belə nəql edir: "Bu ayə Əli ibn Əbu Talib (ə) haqqında nazil oldu. Ayə nazil olandan sonra Peyğəmbər (s) belə buyurdu: "Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. Ey Rəbbim! Əlinin (ə) vilayətini qəbul edib onu sevəni sev və onun vilayətini inkar edib düşmən olana Sən də düşmən ol"". ("Təfsirul Kəbir" Razi c.6, səh.53)
 
"Maidə" surəsi 119: "Allah deyir: "Bu, bir gündür ki, doğru olanlara (sadiqlərə) doğru olmaqları fayda verər"".
Əllamə Hindinin rəvayətinə görə, İbni Abbas belə dedi: "Əli (ə) siddiqlərin (doğru olanların) ağasıdır (seyyididir)". ("İrcəhul-Mətalib" səh.19)
 
"Şura" surəsi 23: "(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) muqabilində yaxınlarımı (Əhli-Beytimi) sevməkdən başqa heç bir şey istəmirəm"".
Zəməxşəri "Təfsiri-Kəşşaf"ında yazır ki, bu ayə nazil olan kimi Peyğəmbərdən (s) soruşdular: "Sizin sevməyimiz vacib sayılan yaxınlarınız kimlərdir?". Həzrət Peyğəmbər (s) buyurdu: "Əli (ə), Fatimə (ə) və oğulları".
 
"Rəd" surəsi, 43: "De: (Mənim öz risalətim uçun iki ilahi şahid vardır: biri) Allahdır ki, mənim və sizin aranızda şahidlik etməyə kifayətdir və ikincisi, Quran elminin sahibi olan şəxsdir"".
Əbu Səid Xodri deyir: "Rəsulallahdan (s) xəbər aldım: "Quran elminin sahibi olan şəxs kimdir?". Buyurdu: "O şəxs - qardaşım Əli ibn Əbu Talibdir"".
 
"Rəd" surəsi 7: "Əslində sən yalnız bir qorxudansan və  hər bir dəstə üçün bir doğru yol göstərən  vardır".
İbn Abbas rəvayət etdi: "İnnəma əntə munziru və li-kulli qavmin had" ayəsi nazil olduqdan sonra, Rəsulullah (s) öz mübarək əlini öz sinəsinə qoyaraq, belə buyurdu: "Munzir mənəm, "hər bir qövmün isə hidayət edəni vardır", bu halda əlini Əlinin (ə) çiyninə qoyaraq, ona işarə etdi və buyurdu: "Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət olanlar sənin əlinlə hidayət olacaqlar".
 
"Səffat" surəsi, 24: "Onları yubadıb saxlayın, çunki sorgu-sual olunacaqlar".
Əbu Səid Xodri Peyğəmbərdən (s) nəql edir ki, sorğu-sual olunacaq məsələ - Əlinin (ə) vilayətidir.
 
"Bəyyinə" surəsi, 7: "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşısıdır".
İbn Abbasdan nəql olunub ki, bu ayə Əlinin (ə) və onun Əhli-Beytinin (ə) şənində nazil olmuşdur.
 
Allahım, bizləri Əli (ə) vilayətində sabitqədəm qərar ver!


03:11 17.04.2017