KANAL24.AZ
Az Iw En Ru

Mübariz Qurbanlı: Radikal qrupların gəlir mənbələrinin qarşısı alınmalıdır

Azərbaycanda dinlərarası və məzhəblərarası münasibətlər yüksək səviyyədədir.

Kanal24.az xəbər verir ki, Trend-in məlumatına görə, bunu Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mesaad İbrahim Al-Sulaim Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşündə deyib.

Görüş zamanı səfir dini radikalizm meyillərinin getdikcə daha çox gücləndiyi müasir dünyamızda ekstremist qruplara qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.

M.Qurbanlı, ilk növbədə, builki Həcc ziyarətinin müvəffəqiyyətli təşkilinə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını bildirib. Radikal və ekstremist qrupların İslamla heç bir əlaqəsi olmadığını qeyd edən sədr hazırda İslam ölkələri arasında belə qruplaşmalara ən az azərbaycanlıların qoşulduğunu vurğulayıb. O, dini maarifləndirmənin gücləndirilməsi, radikal qrupların gəlir mənbələrinin qarşısının alınması və onlara qarşı sərt hüquqi-inzibati tədbirlərin görülməsinin radikalizmlə mübarizənin mühüm elementləri olduğuna diqqət çəkib.

Görüşdə, həmçinin gələcək qarşılıqlı əməkdaşlığın və birgə layihələrin perspektivləri müzakirə edilib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.


22:17 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər