KANAL24.AZ
Az Iw En Ru

Həqiqi məhəbbət gərək əməldə görünsün

"De: "Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır"". ("Ali-İmran" 31).

Bu ayənin nazil olması ilə bağlı iki nəzər vardır. Bir nəzərə görə, bir dəstə Peyğəmbərin (s) yanında Allahı sevdiklərini iddia edirdilər, ancaq halbuki əməldə axsayırdılar. Ona görə də bu ayə nazil olur.
İkinci nəzərə görə isə Nəcran xristianları Peyğəmbərin (s) xidmətində olan zaman iddia etmişdilər ki, əgər biz İsaya (ə) hörmət ediriksə, Allaha olan sevgiyimizə görədir. Bu ayə nazil olaraq onlara yaxşı cavab verir. (Tebyan)
Məhəbbət sadəcə dildə deyilən bir cümlə olmalı deyildir, insan əməli şəkildə onu sübut etməli və qəlbdən gəldiyini isbat etməlidir. O kəs ki, Allahı sevdiyini iddia edər, ilk görməli olduğu iş - Peyğəmbərə (s) və onun gətirdiklərinə itaət etməkdir. Ancaq bu zaman məhəbbət həqiqi mənasına qovuşar. Dinin ruhu və həqiqəti də elə Allaha olan məhəbbətdir. Bu eşqin şüası insanın bütün varlığını aydınlandırar və bütün bədən üzvlərini onun itaətində qərar verər.
Bu ayədən çıxartdığımız nəticələr:
1. Hər bir iddia əməllə sabit olar.
2. Allaha iman bəsləmək lazım edir ki, Allahın övliyalarına da iman bəslənsin.
3. O kəs ki, əməldə süstdür, əslində məhəbbət bünövrəsi süstdür.
4. Peyğəmbərin (s) əməli, sözləri, sükutu hüccətdir.
5. Əgər Allahın sizi sevməsini istəyirsinizsə, o zaman Peyğəmbərin (s) davamçısı olun.
6. Yaxşı əməllər günahların bağışlanma mənbəyidir.
7. Peyğəmbərə (s) itaət İlahi əfvi əldə etməyə səbəb olar.


06:46 16.04.2017