KANAL24.AZ
Az Iw En Ru

Məşhur nəşrdən heyrət: Ərdoğana 3 məqalə ayırdı

Britaniyanın “Ekonomist” jurnalı bu həftə yayımlanan sayında Türkiyədəki referendumla bağlı üç məqaləyə yer ayırıb.

Kanal24.az  xəbər verir ki, Avropa siyasi elitasının iradəsinin ifadəsi olaraq yayımlanan məqalələrdən biri “Türkiyə diktatorluğa sürüklənir” adlanır. Təhlili əsas xəbər olaraq manşetə çıxaran jurnal Qərb liderlərini Ankara ilə bağlı diqqətli olmağa səsləyib. Jurnal tarixi və geosiyasi baxımdan Türkiyənin önəmli ölkə olduğunu, amma son illər geriyə doğru getdiyini iddia edib:

“Güclü prezidentlə bağlı heç bir problem yoxdur, lakin Türkiyənin yeni konstitusiyası bütün normaları keçir. Ölkə parlament tərəfindən çox az şəkildə nəzarət edilə biləcək 21-ci əsr sultanı ilə qarşı-qarşıya qala bilər. Referendumda çıxacaq “hə” cavabı Türkiyəni Ərdoğanın seçilmiş diktatorluğuna məhkum edə bilər. “Yox” isə türklərin Ərdoğana sərhədlərini göstərməsinə şərait yaradacaq”.

Jurnal 2003-cü ildə hazırkı hakim partiyanın bir sıra iqtisadi uğurlara imza atdığını, lakin son illər ölkənin problemlərinin həddən artıq artdığını vurğulayıb:

“Suriyadakı vətəndaş müharibəsi vasitəsilə cihadçılar və kürd separatçıları Türkiyə dövlətinə savaş elan etdilər. Keçən yay ordu çevriliş cəhdi etdi. Bir zamanlar ölkənin güclü tərəfi olan iqtisadiyyat pis idarəçilik və turizmdə yaşanan çöküşlə yavaş böyüyür. Prezident idarəetmə sisteminə keçməklə gələcək stabillik boş şeydir. Prezident idarəetmə sistemiylə idarə olunan ABŞ-da belə konstitusiya prezidentin kral kimi davranmasına məhdudiyyətlər qoyur.

Türkiyə sekulyar, mühafizəkar, millətçilər arasında bölünüb. Türkiyə türklər, kürdlər, ələvilər, eləcə də bir ovuc erməni, yunan, yəhudidən fomalaşdığı üçün bütün gücü bir əlində toplayan hökumət ona sərf etmir. Mühafizəkar rəhbərlik özü ilə eyni fikirdə olmayanları kənarlaşdırmaqla ölkədə heç vaxt stabillik yarada bilməyəcək. Ərdoğan fövqəladə vəziyyət sayəsində gücündən sui-istifadə edir. Burada problem siyasi islamda yox, Ərdoğan və yaxın ətrafındadır. Türkiyə aprelin 16-dan sonra da önəmli rol oynamağa davam edəcək. Əgər Ərdoğan məğlub olsa, Türkiyə çətin gələcəyi olan çətin müttəfiq olacaq. Ərdoğan qazanacağı təqdirdə isə ölkəni diktator kimi idarə edəcək”.

Jurnalda digər məqalə isə “Türkiyə - demokratiyanın taleyini müəyyən edəcək səs” adıyla dərc olunub. Məqalədə Ərdoğanın 15 iyul çevriliş cəhdindən sonra topladığı dəstəklə konstitusiya dəyişikliyinə nail olmağa yaxın olduğu bildirilib:

“Aprelin 16-dakı referendumda hansı nəticənin çıxmasından asılı olmayaraq, Türkiyə qaranlıq dönəmə daxil olacaq. “Bəli” ölkəni seçilmiş diktatora məhkum edəcək, “Xeyr” isə türk demokratiyasını xilas edəcək. Lakin mücadilə etmək üçün yeni bir gün başlayacaq”.

Qeyd edək ki, Ərdoğan Türkiyədəki bu mühüm dəyişikliklə bağlı Avropa mediasının vaxtaşırı olaraq bu cür anti-təbliğat materialları yaydığını, Avropanın təbliğat aparatının referendumdan “xeyr” cavabı çıxması üçün tez-tez manşetlərə bu tip materiallar daşındığını dəfələrlə dilə gətirib.


16:08 14.04.2017