KANAL24.AZ
Az Iw En Ru

Yaralı erməni əsgərin atasından şok müraciət

Ötən il Azərbaycan snayperinin hədəfinə tuş gəlmiş erməni əsgər Koryun Kirakosyanın atası hakimiyyətin oğluna qarşı laqeydliyindən şikayətlənib.

Ermeni mediasına istinadən xəbər veririk ki, əsgər atası oğlunun müalicəsinin davamı üçün yardım diləyib.

Kamo Kirakosyanın dediyinə görə, oğlunu 28 iyul 2016-cı ildə orduya çağırıblar. Bu ilin 8 fevralında ailə Rusiyada olarkən oğlunun ölümcül yaralanması xəbərini alıb. Azərbaycan əsgərinin cavab atəşi nəticəsində güllə erməninin sol qaşından keçib, başına giribmiş. Ağır vəziyyətdə yaralanan əsgər Ağdərəyə, daha sonra isə durumunun kritik olması səbəbindən Ermənistan Müdafiə Nazirliyinin mərkəzi hospitalına çatdırıblar. Ancaq 9 martda əsgərin ağır durumda olmasına baxmayarq, onu hospitaldan xaric ediblər.

“Oğlum 8 gün komada qalıb, indi danışa bilmir, sağ əli və ayağı işləmir, sol gözü görmür” - əsgər atası yazıb. Daha sonra Kamo Kirakosyan yazıb ki, yaralandığı gündən bəri Müdafiə Nazirliyinin heç bir nümayəndəsi onlara baş çəkib Koryunun səhhəti ilə maraqlanmayıb. “Mer 30 min dram, qubernator isə 50 min dram göndərib”-deyən əsgər atası əlavə edib ki, onun müraciətindən sonra oğlu Qırmızı Xaçın reablitasiya mərkəzində müalicə alır.

Əsgər atasının bundan sonra dedikləri daha heyrətamizdir. Bildirib ki, oğlunun yaralanmasından 10 gün sonra o, müdafiə naziri Vigen Sərksiyana məktub yazsa da, bu günə qədər cavab almayıb. Cinayətkar rejim tərəfindən özgə torpağında xidmətə göndərilən oğlunun ölüm ayağında olması səbəbindən Kamo Kirakosyan əlacsız qalıb, yardım üçün ictimaiyyətə müraciət edib və telefon nömrələrini qeyd edib.

Xatırladaq ki, bu ilin fevralında həmin erməni təxribatının dəf olunması zamanı düşmənin bir əsgəri - 1979-ci il təvəllüdlü Qeham Henrixoviç Manukyan məhv edilmiş, digər əsgər Koryun Kamo Kirakosyanın başından ağır yaralanmışdı. Beləliklə, son nümunədə Serj Sərkisyan hakimiyyətinin Azərbaycana ölümə göndərilən erməni əsgərlərinə münasibəti bir daha bəlli oldu.


14:59 25.03.2017