KANAL24.AZ
Az Iw En Ru

Əmək və əhalinin sosial müdafiəsi naziri İtaliyada beynəlxalq konfransda çıxış edəcək

Oktyabrın 17-18-də İtaliyanın Turin şəhərində Avropa Sosial Xartiyası üzrə beynəlxalq konfrans keçiriləcək.

Kanal24.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Konfransda Avropa Şurasına üzv dövlətlərin aidiyyəti strukturlarının və Avropa İttifaqının rəhbər şəxslərinin iştirakı gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTac-a verilən məlumata görə, konfransın məqsədi Avropanı bürüyən iqtisadi böhran şəraitində Avropa Sosial Xartiyasına əsaslanan normativ sistemin gücləndirilməsi və onun tətbiqinin genişləndirilməsi məsələlərini müzakirə etməkdir.
Tədbirdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nazirlər Sessiyasında əsas çıxışçılardan biri kimi müəyyən olunub.
Sosial müdafiə sahəsində mühüm beynəlxalq sənədlərdən biri olan Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 18 maddəsi 2004-cü ilin yanvarında Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilib. Digər bir sıra maddələrin də ratifikasiyası istiqamətində ardıcıl işlər aparılır. Qəbul edilən maddələr əmək, peşə yönümü, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə sahəsində bərabər imkanlar, əmək müqaviləsinə xitam verilən zaman müdafiə, səhhətin müdafiəsi, sosial rifah xidmətlərindən yararlanmaq, ədalətli mükafatlandırma, işçinin iş yerində ləyaqətinin müdafiəsi və s. məsələləri əhatə edir. Azərbaycanın milli qanunvericilik sistemində aparılan islahatlar, ölkənin sosial-iqtisadi tərəqqi yönümlü siyasəti, qəbul edilən dövlət proqramları, strategiya və konsepsiyalar mahiyyət etibarilə Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas prinsiplərinə uyğunlaşdırılıb.


01:39 15.10.2014
Xəbər lenti
Bütün xəbərlər