KANAL24.AZ
Az Iw En Ru

Mülki şəxslərin girovluqdan azad olunması üçün beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb

Məlum olduğu kimi, Ermənistanın silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyul ayında girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Aidiyyəti dövlət orqanlarının beynəlxalq təşkilatlarla apardığı gərgin danışıqlar nəticəsində Həsən Həsənovun cəsədi Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfdən alınıb.

Kanal24.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad edilməsi istiqamətində işləri davam etdirir. Hazırda qeyri-qanuni olaraq müxtəlif cinayətlər törətməkdə günahlandırılan və onlarla qeyri-insani rəftar edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi və beynəlxalq konvensiyalara zidd olaraq onlara qarşı qurulmuş məhkəmə prosesinin dayandırılması məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə, o cümlədən, Beynəlxalq Qızıl Xaç Komitəsinin Prezidenti Piter Maurerə, BMT-nin baş katibi Pan Gi Muna, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad əl Hüseynə, Avropa Komissiyasının vitse-prezidenti xanım Vivian Redinqə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və ATƏT-in baş katibi Lamberto Zannierə rəsmi müraciətlər ünvanlayıb. Həmin müraciətlərdə bütün müvafiq beynəlxalq təşkilatlar yaranmış problemin həllinə kömək göstərməyə çağırılır.
 


01:19 15.10.2014