KANAL24.AZ
Az Iw En Ru

Böyük qayıdış proqramı tərtib edilib

Miqrasiya və qaçqın problemi beynəlxalq ictimaiyyəti narahat edən məsələlərdən biridir. Həmin problemlər birgə yaşamın həllini və beynəlxalq əməkdaşlığı zəruri edir.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin bu gün Bakıda keçirilən iclasında deyib.

X.Xələfov bildirib ki, miqrasiya və qaçqın problemi beynəlxalq təhlükəsizliyi təhdid edir, digər ölkələrin ərazilərinə müdaxiləyə, separatçı rejimlərin yaradılmasına əsaslanır.

Nazir müavini bildirib ki, müstəqilliyi bərpa edəndən sonra Azərbaycan Ermənistan tərəfindın təcavüzə məruz qalıb və ərazilərin 20 faizi işğal olunub: “Bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün problemi yaranıb və regionda humanitar problemləri dərinləşdirib”.

X.Xələfov bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edib: “Azərbaycan hökuməti qaçqn və məcburi köçkünlərin həyatının yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirir. Lakin həmin insanların hüquqları tam şəkildə doğma torpaqlarına qayıtmaları ilə bərpa ediləcək. Məcburi köçkünlərin ədalətlə və təhlükəsiz qayıtması üçün Azərbaycan böyük qayıdış proqramı tərtib edib. Bu yaxınlarda Cəbrayılda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlayıb və həmin kəndə insanların ədalətli və təhlükəsiz şəkildə qaytması təmin ediləcək”.

Nazir müavini bildirib ki, Azərbaycanın işğal edilmiş əraziləri Ermənistan tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi, insan və silah alveri üçün istifadə edilir: “Azərbaycan BMT-dən bunun qarşısını almaq üçün tədbirlərin görülməsini xahiş edib”.

X.Xələfov vurğulayıb ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşır və bu da münaqişənin həllini yubadır.


16:40 15.03.2017
Xəbər lenti
Bütün xəbərlər