KANAL24.AZ
Az Iw En Ru

Vüqar Rəhimzadə: “Müxalifət hələ də demokratiyanı anarxiya kimi başa düşür”

“Təbii ki, hər bir işartı sonrakı proses barədə aydın təsəvvür yaratmaq imkanında olmaqla yanaşı, müxtəlif ehtimalların səsləndirilməsinə də əsas verir. Ümumilikdə müxalif düşərgənin özündə parçalanma, dağılma ənənəvi haldır. Bunun da səbəbi təkcə düşərgə təmsilçilərinin özlərinə “sirrdir”.

 

Kanal24.az xəbər verir ki, bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Müsavat partiyasından istefaları şərh edərkən deyib.

Baş redaktorun sözlərinə görə, mövqesizliyin, şəxsi ambisiyaların, xəyanətin hökm sürdüyü bir düşərgədə sağlam düşüncədən, səmimi münasibətdən danışmaq utopiyadır: “Bütünlükdə dağıdıcı düşərgədə olduğu kimi, Müsavat partiyasında da cərəyan edən bugünkü proseslər söylənilənlərə əyani sübutdur. Partiya uzun müddət idi ki, müxtəlif bəhanələrlə qurultayın keçirilməsini uzadırdı. Amma bir həqiqəti unudurdular ki, zaman onsuz da baş verən olayaların üzə çıxarılması, eyni zamanda düzgün dəyərləndirilmənin aparılması üçün yaddaş rolunu oynayır. Digər dağıdıcı partiyalarda olduğu kimi Müsavat hər zaman kütləvi tərketmələri ilə diqqət mərkəzində olub”.

V.Rəhimzadə bildirib ki, bu gün Müsavat partiyasında cərəyan edən proseslərin kökündə başqanlıq iddiasında bulunub, amma istəyinə nail olmayanlar arasında qarşıdurmaların kulminasiya nöqtəsinə çatması dayanır: “Partiyada saxta seçkilər namizədlərin söz savaşını daha da dərinləşdirib. Təmsil olunduqları, daha dəqiq desək rəhbərlik etdikləri partiyalar daxilində demokratik şərait yaratmağı, demokratik seçki keçirməyi bacarmayanların ölkədə demokratik inkişafdan narazılıqlarını ifadə etməsi ikrah hissi doğurur. Bu ünsürlər hələ də demokratiyanı anarxiya, hərc-mərclik kimi başa düşürlər”.

Müsavatın qurultayında keçirilən başqan seçkisinin demokratiyanın tələblərinə necə “riayət” olunduğunu ortaya qoyduğunu deyən YAP rəsmisi əlavə edib ki, Müsavatda Krılovun məşhur təmsilində təsvir olunan oyunlar davam edir: “Qurultay başqanlıq uğrunda mübarizəyə son qoysa da, təbii ki hələ də nəticələrlə razılaşmayanlar mövcuddur. Proseslər Müsavatın artıq parçalanmaq ərəfəsində olması ehtimalını gerçəkləşdirir. Qurultay ərəfəsində başlanan istefalar bu gün artıq kulminasiya nöqtəsinə çatıb. Qurultayda Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılının başqan “seçilməsi” bu didişmələrin daha da dərinləşməsini sürətləndrib. Bir sözlə, “nüfuz”, “mənəmlik” xəstəliyi dağıdıcı müxalif partiyaların hər biri üçün hakimdir və parçalanmaya yol açan əsas faktordur. Müsavatın qurultayı qaranlıq məqamların açıqlanmasında yardımçıdır. Hazırda düşərgədə illərdən bəri davam edən qarşıdurmalar son həddədir. “Anam mənə kor deyib, gəlib-gedəni vur deyib” deyiminə uyğun mənzərənin yarandığı Müsavatda hər kəs özünü Bağdadın kor xəlifəsi hesab edir. Şəxsi ambisiyaların öndə dayandığı bir düşərgədə ümumi mövqedən danışmaq qeyri-mümkündür”.


21:40 14.10.2014
Xəbər lenti
Bütün xəbərlər