KANAL24.AZ
Az Iw En Ru

Uşaqları intihara aparan dəhşətli səbəblər: övladınız bunu edirsə, deməli...

Son illər Azərbaycanda uşaqların intihar etməsi kütləvi xarakter alıb. Demək olar ki, hər gün yeniyetmə yaşına çatmayan uşaqların özünə qəsd etməsi ilə bağlı xəbərlər oxuyuruq.

Publika.az-a danışan Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri - psixoloq Narınc Rüstəmova 12, 17 və 18 yaş arasında uşaqların intihara daha çox meylli olduğunu bildirib. Psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə yayılan intihar xəbərləri uşaqların psixologiyasına pis təsir göstərir: “Bu məsələdə sosial şəbəkələrin çox böyük təsiri var. Bununla belə uşağın kiçik yaşlarından baxdığı cizgi filmlərim, oynadığı kompüter oyunları, ümumiyyətlə həyat tərzinin necə formalaşmasının da rolu böyükdür. Təəssüf ki, şiddət bu gün uşaqlar üçün çox adiləşib. Hətta internetdə “Necə rahat ölmək olar?” sualı ilə bağlı çoxlu sayda yazılar tapmaq olar. Bu səbəbdən də yaxşı olardı ki, valideynlər internetə çıxışı nəzarətdə saxlasın və təklif edilən ailə proqramlarından istifadə etsin. Hansı ki, həmin proqramlar uşağa onun psixologiyasına mənfi təsir edən saytlara girməyi qadağan edir. O cümlədən yaxşı olardı ki, kompüter uşağın otağında olmasın, əgər olarsa, qapı açılanda içəri girən adam uşağın nə ilə məşğul olduğunu bilmək üçün ekranı rahat görə bilməlidir. Bütün bunlar tənzimlənməlidir”.

N.Rüstəmova intihar hallarının şantajlara çevrildiyini söyləyib: “Bir uşaq intihar edirsə, digəri də bunu örnək kimi qəbul edir və istifadə vasitəsinə çevirir. Məsələn, ata və anası uşağa telefon almadığı halda onları evdən getməklə və özünü öldürmək təhdid edir. Çətin vəziyyətə düşən valideyn uşağın hər istəklərini yerini yetirir. Beləcə bilmədən uşağı uçuruma sürükləyir. Ata və anasının zəif nöqtəsini tapan uşaq intiharı oyun şəklində davam etdirir. Hər kəsin diqqətini çəkmək üçün beynində bir ssenari yazır və ona uyğun hərəkət edir. Çünki yeniyetmələrin ən böyük istəyi daim diqqət mərkəzində olmaqdır. Kimisə geyimi ilə, kimisi saç düzümü ilə, kimisi oxumağı ilə, kimisi savadı ilə seçilir. Bəzi yeniyetmələr isə ölümü ilə ajiotaj yaratmaq və yaddaqalan olmağı seçir”.

Psixoloqun sözlərinə görə, uşaqları intihara vadar edən əsas səbəb ailə-məişət zorakılığı, ailədaxili münasibətlərdə soyuqluq və şiddətdir: “Azyaşlılar arasında intihara cəhd hallarının artmasında televiziyaların da xüsusi rolu var. Şiddətə meylli filmlər, intihar səhnəsi olan kinolara uşaqların baxması məsləhət deyil. Hansısa problemi olan uşaq bu cür filmləri izlədikdən sonra orada izlədiyi intihar metodlarını öz üzərində yoxlamaq qərarına gəlir. Bu isə bir çox hallarda ölümlə nəticələnir.

Bu gün xaricdə onlayn ölümlər daha çox müşahidə edilir. İntihar halları xüsusilə natamam və konflikt, yaxud da hədsiz və nəzarət olan ailələrdə də rast gəlinir. Uşağın bütün qərarlarına müdaxilə etmək onun sonrakı həyatında müstəqil olmasına imkan vermir. Əvvəllər ailədə ən az 4-5 uşaq olardı. Müasir dövrdə isə ailədə uşaqların sayı bir və ya iki olduğu üçün anaların çoxu bütün diqqətini və sevgisini onlara yönəldir, lazım olduğundan çox himayə edir. Uşaqlar çox diqqət görür və güzsüzləşməyə başlayır, bu da müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Ən sıxıntlı anda çıxış yolunu tapa bilmir və dərhal ölüm haqqında fikirləşməyə başlayır. Bütün bunların baş verməməsi üçün uşaqlara kiçik yaşlarından özümə inam aşılanmalı və məsuliyyət hissini öyrətməliyik.

Hətta bizim mərkəzimizə 4-cü sinif şagirdi kimi geyinən 17 yaşında qızlar gəlir. Valideyn də bununla fəxr edir, tərbiyə anlayışı kimi görür. Uşağı çox məhdudlaşdırmaq doğru deyil, zəmanəyə uyğun rəftar etmək lazımdır. Uşağın telefonunun, planşetinin olması normal haldır. Biz bunu qadağan edə bilmərik. Bu gün istifadə etdiyimiz hər bir şey texnologiyadır və bütün cəmiyyət ondan istifadə edir. Sadəcə doğru istifadə etməsini öyrətməli və birinci növbədə valideyn özü yaxşı nümunə olmağı bacarmalıdır. Əgər telefon valideyninin əlindən düşmürsə, bütün gün sosial şəbəkələrdə olursa, sözsüz ki, uşaq da eyni hərəkəti təkrar edəcək. Belə olan halda uşaqdan nə gözləmək olar? Əgər valideyn internetdən faydalı məlumatlar öyrənmək üçün istifadə edirsə, onda uşaq da onu nümunə götürəcək”


23:44 15.02.2017