KANAL24.AZ
Az Iw En Ru

Sayğaca baxmadan borc yazılır

Mexaniki su sayğacları ilə bağlı problem ortaya çıxıb. Abonentlər sayğaca baxış keçirilmədən borc yazıldığını deyirlər. Məsələyə ''Azərsu'' Açıq Səhmdar Cəmiyyətindən münasibət öyrənmişik.

Süsən Kərimova sayğaca baxış keçirilmədən borc yazıldığını iddia edir. Onun sözlərinə görə, evlərində mexaniki su sayğacından istifadə olunur və bu sayğac evin şaxtasında quraşdırılıb. Süsən Kərimova "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının evdəki sayğacın göstəricilərinə baxmadan borc yazdıqlarını deyir. Çünki axşam saat 8-ə qədər hamı işdə olduğundan evdə heç kim olmur.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, ay ərzində yüzlərlə abonentin sayğacına baxış keçirilməsi mümkün deyil. Çünki insanlar ya işdə olduqlarından, ya da bilərəkdən çox zaman qapını şirkət əməkdaşlarının üzünə açmırlar.

İllik göstərici 12-yə bölünərək orta aylıq sərfiyyat çıxarılır. Tərtib edilən rəqəm aylıq sərfiyyatdan az və ya çox ola bilər. Növbəti ayda isə göstərici son ödəniş ilə uzlaşdırılır.

Qeyd edək ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ölkə üzrə bir milyon 400 mindən artıq abonenti var. 850 mindən artığı isə sayğaclaşdırılıb. Bunun da yarısı smart, digər yarısı isə mexaniki sayğaclardır.


04:02 29.01.2017