KANAL24.AZ
Az Iw En Ru

Onlar bütün Azərbaycana bir kənddən yayılıblar

Azərbaycanda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən mədəniyyət nümunələrindən biri də Lahıc misgərlik sənətidir. Misgərlik əvvəllər Azərbaycanın bir sıra bölgələrində mövcud olsa da, min illərlə yaşı olan bu sənəti qoruyaraq yaşadan, inkişaf etdirən və gələcək nəsillərə ötürülməsində əsas pay sahibi olan, məhz İsmayıllı rayonunun Lahıc kəndinin insanlarıdır.

Doğrudur, digər bölgələrdə də bu sənətlə məşğul olan insanlar olub, bu gün də var. Amma, bir az araşdırdıqda, onların da şəcərəsinin Lahıca gedib çıxdığı məlum olur. Hazırda Gəncə şəhərində yaşayıb-yaradan Məhəmməd Fəhimov kimi…

O, Gəncədə yerləşən qədim karvansarada misgərlik sənətini davam etdirir. Vaxtilə bu karvansarada, ən müxtəlif növ peşə sahiblərinin fəaliyyət göstərdiyini deyən usta, hazırda ərazidə qədimi sənətlə məşğul olan yeganə insandır. Fəhimovun atası Lahıcda anadan olub. Sonradan ailəsini də götürərək Gəncəyə köçüb və burada misgərlik sənətini davam etdirib. Məhəmməd kişi bu sənətə gəlişini belə nəql edir: "Atama, babama hər gün yemək aparırdim. Bir gün babam atama dedi ki, "gəl, bu uşağı yoxlayaq". Çəkici verdi ki, "al, o zindanı döyəclə". Çəkici götürdüm, başladım döyəcləməyə. O zaman babam atama "bu uşağın gələcəyi var, gör, çəkici necə düz tutur" dedi". "Bu sözdən o qədər həvəslənmşdim ki, məktəbdən çıxan kimi emalatxanaya gəlirdim. Beləcə bu sənəti öyrəndim. Atamdan sonra həmin emalatxanada mən işləməyə başladım. Şükür ki, bu sənəti öyrənmişəm. Bugünkü çətin vaxtda ailəmi saxlaya bilirəm" — deyir sənətkar. Həmsöhbətimiz mis qabların faydasından danışır. Deyir ki, bu qablardan istifadə dərmansız müalicədir: "Mis qazanlarda bişən xörək insanı yaşadir, dadlı olur. Ömrü boyu zəhərlənmə olmur. Mis qazanda ət qaynayanda heyvanda olan xəstəlik, ona vurulan iynənin zərərli təsirləri itir. Mis qab onu özünə çəkir. Mis su qabları isə süzgəc kimi suyu süzür, dadı da gözəl olur, keyfiyyəti də".

Misgərlik böyük səbr, dəqiqlik və incəlik tələb edir. Əgər insanın özündə maraq yoxdursa, bu sənəti öyrənməsi mümkün deyil. Bu işdə gərək çəkic əldən düşməsin. Həmçinin, qalaylamada kömürün, kislatanın vurulması zamanı ayrılan dəm qazı orqanizmə mənfi təsir edir.

M. Fəhimovun sözlərinə görə, bu səbəblərdən bir neçə dəfə yanına şagird götürsə də, uşaqlar çətinliyə dözməyib "aradan çıxıblar".

Bununla belə, o, hər iki oğluna bu sənəti öyrətməyi bacarıb. Sonda qayğılarını da dilə gətirir: "Getdikcə mis qablara tələbat çoxalır. Amma işlədiyim yer, şərait tələbatın öhdəsindən gəlməyə imkan vermir. Oğlanlarımın işləmələri üçün normal yer, şərait yoxdur. Bizə böyük emalatxana və normal şərait yaradılsa, bu işi daha da inkişaf etdirərik. İnsanlarımız da mis qablardan istifadə edib sağlam qalarlar".


18:18 26.12.2016