KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Avropa İttifaqı arasında yeni maliyyələşdirmə sazişi imzalanıb

İqtisadiyyat naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən bildirilir ki, Azərbaycan-Avropa iqtisadi əlaqələrindən danışan Ş.Mustafayev 1996-cı ildən başlanmış əməkdaşlığın enerji, investisiya, ticarət və s. sahələri əhatə etdiyini vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır: ""Cənub Qaz Dəhlizi" layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilib. Layihə çərçivəsində 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması planlaşdırılır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50%-dir. Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunun 35%-i Avropa İttifaqı ölkələrinin payına düşür".

"Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Tvinninq aləti üzrə indiyədək 45 layihə həyata keçirilib ki, bu layihələrin 26-sı artıq başa çatıb, 11 layihə isə hazırda icra olunur. Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər, 7 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannamələri imzalanıb, 14 üzv ölkə ilə hökumətlərarası komissiya yaradılıb. Bu ilin mayında Bakıda Azərbaycan-Aİ biznes forumu keçirilib. İnvestorların iştirakı ilə keçirilən belə tədbirlərin davam etdirilməsi olduqca əhəmiyyətlidir", - deyə nazir qeyd edib.

Görüşdə Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, bununla bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Aİ-Azərbaycan iqtisadi əlaqələri barədə fikirlərini bildirən M.Mard iki ölkə arasında enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, Aİ-nin əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşün sonunda Avropa Qonşuluq Alətinin 2015-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində 14,5 mln. avro dəyərində “Azərbaycanın əlaqəli regional inkişafı Proqramı”nın maliyyələşdirmə sazişi imzalanıb. Sazişdə tvinninq və texniki dəstək, qrant kimi alətlər vasitəsilə kənd yerləri üçün biznes məlumat sisteminin yaradılması, sahibkarlığın inkişafına, eləcə də kiçik və orta müəssisələrə və ailə fermer təsərrüfatlarına yönələn kənd yerlərinin inkişafına dəstək sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məsləhət xidmətləri sistemi şəbəkəsinin tətbiqi, investisiya dəstəyi və istehlakçıların maarifləndirilməsi yolu ilə təbliğat və yerli məhsulların təşviqi nəzərdə tutulur.

 


22:11 09.12.2016
Xəbər lenti
Bütün xəbərlər