KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı hakim Avropa Şurasında ƏMSAK-ın vitse-prezidenti seçildi

Azərbaycanın hüquq elmləri üzrə fəlsəfə doktoru Ramin Afad oğlu Qurbanov 07 dekabr 2016-cı il tarixində Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti seçilib. O növbəti  2 il üçün bu vəzifəni icra edəcək. 

 Ramin Qurbanov 01 iyul 2016-cı il tarixindən 6 aylıq müddətə  bu vəzifəni icra etmiş və bu gün Komissiyanın üzv dövlətləri onu növbəti 2 il üçün vitse-prezident seçmişlər.

Komissiya Avropa Şurasına üzv dövlətlərin məhkəmə sistemlərinin səmərəliliyinin artırılması və Avropa məkanında ədalət mühakiməsinin səmərəli və ədalətli həyata keçirilməsi ilə bağlı qurumun beynəlxalq hüquqi sənədlərinin tətbiqi məqsədilə yaradılıb.

Ramin Qurbanov 1974-cü ildə ziyalı ailəsində anadan olub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

R.Qurbanov müxtəlif illərdə Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, AMEA və s. bu kimi qurumlarda hüquq məsləhətçisi, elmi işçi, müəllim, aparıcı və baş mütəxəssis kimi fəaliyyət göstərib. O, 2005-ci ildən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) üzvü və 2011-ci ildən həmin komissiyanın Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə dair Komitəsinin eksperti, 2014-cü ildən isə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Bürosuna 47 üzv dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilib.

R.Qurbanov 2013-cü ildən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və həmçinin “Elektron məhkəmə“ informasiya sisteminin yaradılması üzrə işçi qrupunun rəhbəri olaraq işləyir.


05:05 08.12.2016