KANAL24.AZ
Az Iw En Ru

Cavid İmamverdiyev: "Komandanın xeyrinə olacaqsa, getməyə də hazıram"

"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin müsahibəsi:

 - "Şərurspor" üzərində qələbə qazandığınız (2:0) kubok matçını necə şərh edərdiniz?

- Bu oyuna arxayın çıxmamışdıq. Əks halda mərhələ adlaya bilərdik. Əlbəttə, bu oyunda 5-6 qol vurmalı idik. Əsas odur ki, qələbə qazanıb, mərhələ adladıq. Ümid edirəm ki, bu qələbə növbəti oyunlar üçün stimul olacaq.

 - Rəqibin də çoxlu qol şansı var idi. Belə zəif rəqiblə oyunda bu, nə dərəcədə normaldır?

- Biz hesabda öndə olarkən rəqib qol vəziyyətləri yaratmağa çalışırdı. Bir qədər arxayınlıq ola bilər. Amma bütövlükdə yaxşı oynadıq.

 - 1/4 finalda "Zirə" ilə qarşılaşmaq istəyirsiniz, ya "Turan Tovuz"la?

- Mənim üçün fərqi yoxdur. Tovuz klubu daha münasib rəqib görünür. Amma böyük ehtimalla "Zirə" ilə qarşılaşacağıq. Bu klub daha güclüdür və divizion təmsilçisinə qalib gələcəyi inandırıcı görünür.

 - Bu oyunda da azakeşlər demək olar ki, 90 dəqiqə kapitan Araz Abdullayevi təhqir etdi...

- Bu, düzgün deyil. Futbolçu üçün belə bir şəraitdə futbol oynamaq çətindir. Amma azarkeşləri də nədəsə ittiham etmək fikrim yoxdur, onlar qələbə tələb edirlər. Həm də mənə elə gəlir ki, onların sözləri tək Araza yox, bütün komandaya yönəlib. Mən o sözləri öz ünvanıma da götürürəm.

 - "Neftçi"də bu qədər dəyişiklik var, amma oyununuz düzəlmir ki, düzəlmir...

- Haqlısınız. Biz də bunun səbəbini anlamırıq. Mənim bu gün 3-4 qol vəziyyətim oldu, vura bilmədim. Əsəbləşirdim. Müdafiədə də tez-tez səhvlər buraxırıq. Hər oyunda qol buraxmağa, uduzmağa öyrəşmişik. Komanda üçün bundan pis nəsə ola bilməz. Amma dekabrdan sonra hər şey düzəlməlidir. Yaxşı futbolçuların gələcəyinə, komandanı gücləndirəcəklərinə ümid edirik.

 - Deməli, bu heyətlə "Neftçi"nin heç nəyə nail ola bilməyəcəyinə əminsiniz?

- Bu gün komanda bərbad çıxış edirsə, deməli, dəyişiklik qaçılmazdır. Mən artıq 10 ildir buradayam. Komandanın xeyrinə olacaqsa, mən də getməyə hazıram. Belə "Neftçi" ola bilməz. 


01:36 04.12.2016
Xəbər lenti
Bütün xəbərlər