KANAL24.AZ
Az Iw En Ru

"Yeni Yurd" İB-nin "N" saylı hərbi hissədə əsgərlərlə görüşü

Kanal24.az xəbər verir ki, cari ilin sentyabr ayında "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyi Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüşüb. 

Azərbaycan Respublikası “Yeni Yurd” Sosial-İnkişaf İctimai Birliyinin dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış ziyalıları da “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdə iştirak ediblər.

 

Tədbiri açıq elan edən təşkilatın icraçı direktoru Şamil Sabiroğlu “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin qısa müddətdə gördüyü işlər haqqında məlumat verdi. 

Tədbirdə çıxış edən “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova ilk öncə hərbi hissənin şəxsi heyətini salamladı. Ön xətdə xidmət edən ərənlərlə görüşə rəsmi icazə verdiyi üçün Müdafiə Naziri Cənab Zakir Həsənova və Nazirliyin bütün əməkdaşlarına öz təşəkkürünü bildirdi.

“Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası”nın xarici əlaqələr komitəsinin sədri (TADDEF), “Azərbaycan Dil, Tarix, Mədəniyyət, Kültür Araşdırma Mərkəzi”nin rəhbəri, əslən Qərbi Azərbaycanlı olan Seyfettin Ayakyay, zabit və əsgərlər qarşısında yaddaşlardan uzun müddət silinməyəcək nitq söylədi. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün xalqımıza hər cür yardım etməyə hazır olduqlarını bildirdi. Seyfettin bəy Türkiyə və Azərbaycanın Dövlət Bayraqlarını öpərək, ölkəmizin bayrağı önündə diz çökdü.

TADDEF-in fəal üzvü, tarixçi-alim İsmet Demir, dr. Bedri Bilge də əsgərlərdə vətənpərvərlik hissinin güclü olduğunu dedilər.

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, ikinci dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, həmin Fondun sədr müavini Elşad Əliyev, tarixçi-alim, şair Nazim Tapdıqoğlu, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşı Zərnişan xanım İnqilab qızı,“Yeni Yurd” ictimai birliyinin sədr müavini Natiq Qasımov və başqaları çıxış edərək Azərbaycan Ordusunun gündən-günə güclənməsini, düşmən tapdağında olan torpaqlarımızın tezliklə azad olunmasına ümidvar olduqlarını bildirdilər. 

Ağdam rayonunda fəaliyyət göstərən “Şur” ansamblının üzvləri maraqlı konsert proqramı ilə çıxış etdilər.

Daha sonra “Yeni Yurd” Sosial-inkişaf ictimai birliyinin sədri M.Əsədovanın adından əsgərlərə hədiyyələr təqdim olundu. 


Hərbi hissənin zabiti E.Əhmədov, şəxsi heyət adından qonaqlara öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, 1992-ci ildən bəri ilk dəfədir ki, xidmət etdiyi hərbi hissədə Türkiyədən gələn hörmətli ziyalılarla qarşılaşır. Qonaqların adından yenidən söz alan S. Ayakyay, qiymətli hədiyyələri hərbi hissənin zabiti, şərəfli döyüş yolu keçmiş E.Əhmədov və tədbirin aparıcısı, müharibə veteranı Ş.Sabiroğluna təqdim etdi.

 


18:00 05.09.2014