KANAL24.AZ
Az Iw En Ru

UNEC differensial əmək haqqı sisteminin mahiyyətini açıqlayıb (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri açıqlanıb.

Bununla bağlı bu gün keçirilən tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem UNEC-də ilk dəfə ötən tədris ilindən tətbiq olunur.

Sistemin tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir. Əmək haqlarına differensial əlavələrin edilməsində məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Mütəmadi olaraq, hər ay üzrə differensial əmək haqqı sistemi əsasında müəllim, kafedra və fakültələrin reytinq siyahısı universitetin rəsmi saytında yerləşdirilib.

Ə.Muradov qeyd edib ki, hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacaq. Əlavələr mövcud əmək haqqının 1,2 – 2 misli qədər nəzərdə tutulub. Rektor bildirib ki, differensial əmək haqqı sistemində müəllimlərlə yanaşı, kafedra və fakültələrin də reytinqi müəyyən edilir.

Rektor deyib ki, bu tədris ilindən reytinqə daxil olan 100 müəllimin əmək haqqısı artırılacaq. İlk onluğa daxil olan müəllimlərin əmək haqqı 2 dəfə, reytinqdə 11-30-cu yeri tutan müəllimlərin əmək haqqı 1,7 dəfə, 30-61-ci yeri tutanların əmək haqqı 1,5 dəfə, 61-100-cü yeri tutanların əmək haqqı 1,3 dəfə artırılacaq.

Differensial əmək haqqı sistemlərinin proqramlaşdırıldığını və çox şəffaf olduğunu deyən rektor əlavə edib ki, müraciət edilərsə, UNEC-in differensial əmək haqqı sistemini digər ali məktəblərdə də qurmağa hazırdılar.

Sistemin işləmə mexanizminı UNEC-in professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının sədr müavini Elşən Bağırzadə təqdim edib.

Bildirib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatları xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatlar professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının ekspertizasından keçib. Hər müəllim müəyyən bir kafedra və fakültəyə aid olduğundan, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb.


19:15 16.09.2016