KANAL24.AZ
Az Iw En Ru

Vyana görüşü - aprel döyüşlərinin nəticəsi fonunda

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərin Vyana görüşü həm formatına, həm mahiyyətinə, həm də ciddiliyinə görə əvvəlki görüşlərdən xeyli fərqlənirdi.

Bu dəfəki görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı, həmsədr dövlətlərin xarici siyasət idarələrinin rəhbərlərinin də canfəşanlıqla iştirakı artıq münaqişənin həlli ilə bağlı danışıqlar prosesində fərqli bir mərhələnin başladığını aydın şəkildə göstərir.

Aprel döyüşlərinin nəticələri, o cümlədən Azərbaycan Ordusunun güc nümayişi, xalqın orduya və Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yürütdüyü siyasətinə və nümayiş etdirdiyi cəsarətinə həmrəylik nümayişi, ümumiyyətlə cəmiyyətdəki birlik və qələbə əzmi öz nəticəsini verir və artıq həmsədr dövlətlər status-kvonun davam edə bilməyəcəyini aydın başa düşürlər.

Bəlkə də düşünürdülər ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verən, tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldıran Azərbaycan münaqişənin həllində heç vaxt müharibə variantına üstünlük verməz.

O da aydın məsələdir ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qalması bəzi həmsədr dövlətlər üçün də sərfəli idi ki, bunun vasitəsilə öz maraqlarını həyata keçirsinlər. Onlar sadəcə, indiyə qədər danışıqlar pərdəsi yaradaraq əslində münaqişənin bu şəkildə davam etməsində maraqlı idilər.

Ancaq yenə təkrar edirəm, aprel döyüşləri vəziyyəti tamamilə dəyişdi, həm həmsədr dövlətlər, həm də beynəlxalq ictimaiyyət Azərbaycanın verdiyi bəyanatların heç də əbəs yerə olmadığını anladı. Eyni zamanda gördülər ki, əgər müharibə baş verərsə, Ermənistan biabırçı şəkildə məğlub olacaq, bununla bərabər onların da maraqları alt-üst olacaq.

Bu səbəbdən həmsədr dövlətlər tez əl-ayağa düşdülər ki, nə qədər ki, vəziyyət o qədər də pisləşməyib, tez bir tədbir görsünlər.

Ermənistan prezidenti Serj Sarkisyanın da görüşün nəticələri ilə bağlı verdiyi açıqlamalardan belə aydın olur ki, Sarkisyan görüşdən arzuladığı nəticəni əldə edə bilməyib, məyus qayıdıb. Ancaq arzulanan nəticə olmasa da, Sarkisyan bununla razılaşmağa məcburdur. Çünki aprel döyüşləri müharibə variantının Sarkisyan üçün hansı faciəvi nəticələr verəcəyini, onun sonu olacağını aydın şəkildə göstərdi. Sarkisyan özü də ifadə etdi ki, biz istərdik ki, bu sülh variantı olsun.

Sarkisyanın verdiyi bəyanatdan o da aydın olur ki, həmsədr dövlətlər görüşdə Azərbaycanı müharibə variantının qəbuledilməzliyinə inandırmağa çalışıblar. Yəni burada həmsədrlər daha çox Azərbaycanı razı salmağa çalışıblar. Bu da o deməkdir ki, Azərbaycan artıq danışıqlarda üstünlüyü tam ələ alıb, diktə edən tərəfə çevrilib.

İndi nəzərlər iyun ayında baş tutacaq növbəti görüşə yönəlib. Ümid edirik ki, artıq növbəti görüşdə mövqelər daha da konkretləşdiriləcək.


21:38 18.05.2016
Xəbər lenti
Bütün xəbərlər