KANAL24.AZ
Az Iw En Ru

İŞİD-çilər döyüşmək üçün Qarabağa gəlir?

"Respublikanın ərazisinə keçməyə cəhd edən terror təşkilatı üzvləri məsuliyyətə cəlb ediləcəklər".

Cəbhə xətti (arxiv)

Rusiyanın "LifeNews" telekanalının təxribat xarakterli tele-süjetinə dair Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyi anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi-texniki imkanları və potensialı ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi üçün tam yetərlidir.

"Bir daha bildiririk ki, istənilən terror təşkilatının fəaliyyəti onun üzvlərinin milli, dini və digər mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq sülh və təhlükəsizliyə, eləcədə milli təhlükəsizliyə ciddi təhdiddir. Hər hansı niyyətlə, Azərbaycan Respublikasının ərazisinə keçməyə cəhd edən terror təşkilatı üzvləri müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər".

Bu gün adıçəkilən kanalın çəkiliş qrupu Azərbaycandan çıxarılıb. Azərbaycanın Xarici İşlər Naziriliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, adıçəkilən rus telekanalının əməkdaşları akkreditasiya olunmadan cəbhə xəttində işləyiblər, bundan başqa, onlar real vəziyyəti təhrif ediblər. 

Yevgeni Zmanovskaya - Rusiyanın “Lifenews” telekanalının əməkdaşı

Jurnalist Tərtərdə vəziyyətlə bağlı təxribatçı material hazırlayıb. Reportajda rayonun çıxış nöqtəsində əhalinin toplanması və onların ermənilərin hücumuna görə öz şəxsi avtomobillərində gecələdiyini bildirib. Daha sonra rayon sakinlərindən birindən müsahibə alan telekanal əməkdaşı onun sözlərini rus dilinə tamam başqa variantda tərcümə edib.


22:55 05.04.2016