KANAL24.AZ
Az Iw En Ru

"Bahar oğlu"

Kanal24.az xəbər verir ki, martın 22-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, şair, ictimai xadim Cəfər Cabbarlının doğum günü (20 mart) münasibəti ilə  "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib.

Gecədə Cəfər Cabbarlı irsinin araşdırıcıları, mədəniyyət və incəsənət xadimləri, həmçinin, C.Cabbarlının ailə üzvləri - nəvələri, nəticələri və yeganə yadigarı Cabbarlı ocağının qoruyucusu Gülarə Cabbarlı iştirak edib.

 

Tədbir Azərbaycan Yazıçılar Birliyinin Cəfər Cabbarlı komissiyası, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu,  Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəzi, Cəfər Cabbarlının Ev-muzeyi və “Yeni Yurd” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

Ədəbi-bədii gecə Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb.

Daha sonra tədbir Cəfər Cabbarlının həyat və yaradıcılığından ibarət videoçarxın nümayişi ilə davam edib.

 

AYB-nin sədri, xalq yazıçısı Anar, AMEA-nın müxbir üzvi, Milli Məclisin deputatı Nizami Cəfərov, filologiya elmlər doktoru Asif Rüstəmli Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı, kinosu, teatrında gördüyü böyük işlərdən, yorulmaz fəaliyyətindən danışıb.

 

Bildirilib ki, C.Cabbarlı Mirzə Fətəli Axundzadə ilə başlanan milli dramaturgiyamızı inkişaf etdirərək zənginləşdirib, yeni mərhələyə yüksəldib. Qüdrətli sənətkar ədəbiyyatımızda həm də şair kimi tanınır. Cümhuriyyət dövründə milli vətənpərvərlik ruhunda şerlər yazan Cəfər Cabbarlının lirik parçalarına bir çox gözəl mahnılar da bəstələnib. Bir şair olaraq Cəfər Cabbarlı yaradıcılığı üçün daha çox lirik-romantik və satirik şerlər səciyyəvidir.

Gecədə söz  “Yeni Yurd”  Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədova verilib. Mahirə xanım  Cəfər Cabbarlı yaradıcılığından söz açaraq bildirib ki, xalqın tərəqqisini, mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb. Hər zaman orijinallığı ilə seçilən bu əsərlər Azərbaycan teatrının inkişafına böyük töhfələr verib.

 

Xatırladaq ki, Cəfər Cabbarlı gecəsində Mahirə xanım Əsədovanın dəvəti ilə Türkiyədən ölkəmizə gələn Türkiyə Cümhuriyyəti dövlət sənətçisi, xalq rəqsləri üzrə YUNESKO-nun juri rəhbəri, Mustafa Turan, Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkaya iştirak  edirdilər.

Gecədə “Yeni Yurd” təşkilatının sədri Mahirə xanım Əsədova Türkiyə Cümhuriyyəti dövlət sənətçisi, xalq rəqsləri üzrə YUNESKO-nun juri rəhbəri, Mustafa Turana rəhbərlik etdiyi təşkilatın təsis etdiyi “Böyük Yurdsevər” mükafatını təqdim edib

Tədbirdə C.Cabbarlının Ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı böyük ədibin adını daşıyan mükafat haqqında məlumat verib və C.Cabbarlı mükafatı Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkayaya təqdim edilib.

"Bahar oğlu" adlı ədəbi-bədii gecə Cəfər Cabbarlının sözlərinə yazılan mahnılar, tamaşalara yazdığı musiqi nömrələri ilə davam edib.

 

 


00:33 24.03.2016