KANAL24.AZ
Az Iw En Ru

"Mart ayı bayramlar ayıdır" - Mahirə Əsədova

“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədova 8 Mart Beynəlxalq Qadınlar bayramı və Novruz günləri ilə bağlı Kanal24-ə fikirlərini bildirib.

Mahirə xanım mart ayının bu baxımdan əlaməttar olduğunu vurğulayaraq qeyd edib ki, bu ay bayramlar ayı kimi qəbul edilir. 8 Mart Beynəlxalq Qadınlar Günü kimi mühüm bir bayramla yanaşı, dünyanın ən gözəl bayramlarından biri olan Novruz şənlikləri də bu gözəl yaz ayının payına düşür.

 

“Qadınlar bayramı ölkəmizdə həm dövlət səviyyəsində, həm də sadə vətəndaşlar arasında hər zaman yüksək səviyyədə qeyd edilir. Bu, Azərbaycan cəmiyyətinin qadına-anaya, ömür-gün yoldaşına, qız-gəlinə tarixən bəslədiyi hörmət və məhəbbətin təzahürüdür. Azərbaycan qadını hər zaman özünün ləyaqəti, isməti, igidliyi və dəyanəti ilə bu hörmətə layiq olub.

 

Novruz Bayramı nadir bayramlardandır ki, təqribən bir ay müddətində davam edir. Baharın gəlişini müjdələyən Novruz təbiətin oyanması, canlanması ilə yanaşı, xalqımıza ruzi-bərəkət gətiririr, milli dəyərlərə bağlılıq hisslərini möhkəmləndirir, mənəvi zənginliyimizi artırır.

 

Bu bayramlar münasibətilə xalqımızı təbrik edir, uca millətimizə hər zaman zirvələri fəth etməyi arzulayıram. Arzu edirəm ki, yaxın gələcəkdə bütün əlamətdar günlərimizi gözəl Qarabağımızda qeyd edək və əminəm ki, tezliklə bu, belə də olacaqdır”.


18:45 09.03.2016