KANAL24.AZ
Az Iw En Ru

17-ci beynəlxalq Vilnüs kitab yarmarkası açılıb

   Litvanın paytaxtında 17-ci beynəlxalq Vilnüs kitab yarmarkası açılıb.

   Litva Prezidenti Dalya Qribauskayte tədbiri açaraq yarmarkanın əsas mövzusu olan “Personaj müəllif axtarır” mövzusuna toxunaraq deyib: “Biz hamımız personajlarıq, bu mövzu hər kəsə aiddir. Kitab yarmarkası bilik, maarif və mədəniyyət mövzularına həsr edilmiş ən mühüm foruma, böyük ictimai diskussiya məkanına çevrilir. Kitab bizim beynimizdə, qəlbimizdə, Litvanın ətrafında baş verən bütün hadisələr barədə, dünyanı düşündürən məsələlər barədə biliklər verir”.

   D.Qribauskayte vurğulayıb ki, kitab yarmarkası Litva üçün, bütün region üçün böyük bayramdır. Bu yarmarka Litvada kitaba marağın artmasını, düşünən insanların çoxalmasını təsdiq edir. Litvada belə insanlar nə qədər çox olsa, dövlətimizin gələcəyi bir o qədər parlaq olar.

   Prezident yarmarka iştirakçılarını – naşirləri, müəllifləri və oxucuları təbrik edərək hər kəsin burada özü üçün maraqlı, bütün ilboyu onları müşayiət edəcək kitablar tapmasını arzulayıb.

   Baltikyanı ölkələrdə bu qəbildən ən böyük tədbir olan kitab yarmarkasında Litvanın və xarici ölkələrin 300-ə yaxın nəşriyyatı iştirak edir. Yarmarkaya 13 ölkədən 35 qonaq gəlib. Dörd gün davam edəcək yarmarka müddətində 400-ə yaxın tədbir keçiriləcək. Yarmarkaya 60 minə yaxın insan gəlişi gözlənilir.


04:17 26.02.2016
Xəbər lenti
Bütün xəbərlər