KANAL24.AZ
Az Iw En Ru

“Sərhədləri aşan incəsənət” mövzusunda sərgi nümayiş olunacaq

Martın 3-də “Yeni Gallery” İncəsənət Mərkəzində əslən azərbaycanlı olan, İranın İsfahan şəhərində dünyaya göz açmış Sanaz xanım Panahpur Darehşourinin “Sərhədləri aşan incəsənət” mövzusunda rəngkarlıq əsərlərindən ibarət fərdi yaradıcılıq sərgisinin açılış mərasimi keçiriləcək.

Mərkəzdən Kanal24.az-a bildirilib ki, Sanaz Panahpur Darehşouri ailəsinin ikinci nəslinə aid olan rəssamlardandır. Sanaz xanım əsasən anasından bir çox bədii keyfiyyətləri mənimsəyib. Rəssam təsviri sənətin müxtəlif forma və mahiyyətinə böyük maraq göstərib.

Anasının rəhbərliyi altında Sanaz xanım artıq 14 yaşından rəssam kimi fəaliyyətə başlayıb və bu günədək bu sahədə bacarıq və təcrübəsini daim inkişaf etdirib.

Qrafik dizayn üzrə bakalavr, teatr sənəti üzrə magistr dərəcəsi olan Sanaz xanımın yaradıcılığı çoxşaxəlidir. Əsərlərin cəsarətli rəng və qrafik həlli rəssamın tablolarını mənalı və cəlbedici edir.

Sanaz Panahpur Darehşouri bir sıra beynəlxalq sərgilərin, o cümlədən İranda, Hindistanda və Dubayda keçirilən sərgilərin iştirakçısıdır.

Rəssamın müxtəlif ölkələrdə keçirilən sərgilərdəki iştirakı onun sənət imkanlarının genişlənməsində böyük rol oynayıb.

Sanaz Panahpur Darehşourinin Bakıda təşkil olunan ilk sərgisi martın 5-dək davam edəcək.


06:24 25.02.2016
Xəbər lenti
Bütün xəbərlər