KANAL24.AZ
Az Iw En Ru

“Kitabevim.az” mağazalar şəbəkəsinin Gəncə şöbəsi fəaliyyətə başlayacaq

   “Kitabevim.az” mağazalar şəbəkəsinin Gəncə şöbəsi yaradılacaq.

    Gəncə şöbəsi də Bakıdakı konsepsiya ilə fəaliyyət göstərəcək. Belə ki, mağazada müxtəlif dillərdə minlərlə kitab tapmaq mümkün olacaq. Kitabların satışından əlavə “Kitabevim.az” kitab marketində oxucu klubu və oxucular tərəfindən təmin olunan “Qoy-götür” guşəsi də təşkil ediləcək. Həmin guşədə şəxsiyyət vəsiqəsi təqdim etməklə, hər hansı kitabı müəyyən müddətə oxumaq üçün götürmək mümkün olacaq.

   Layihənin məqsədi kitab satışından çox, mütaliənin təbliğatını həyata keçirməkdir. Yeni kitab marketində “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunacaq. Bu guşəyə yerləşdirilən kitablar isə maya dəyərinə satılacaq. Burada yerli və xarici ədəbiyyata aid kitablar yer alacaq. Eyni zamanda, “imza günləri” keçirmək üçün geniş bir guşə də nəzərdə tutulub. Bu guşədə, həmçinin müxtəlif seminarlar, diskussiyalar və yazıçıların oxucularla görüşləri təşkil ediləcək.

   “Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılacaq. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da fəaliyyət göstərəcək. Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyələr və güzəştli faizlərlə kitab almağa imkan verən güzəşt kartları da nəzərdə tutulub.

   Açılış günündə Gəncə sakinləri bütün kitabları 20-30 faiz endirimlə əldə edə biləcəklər.


21:58 23.02.2016