KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda yeni qurum yaradılır

   Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanuna və İctimai şuraların fəaliyyəti haqqında Əsasnaməyə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan İctimai Şuraların həmin qurumların nəzarətindən çıxarılması təklif olunur.

   Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu gün keçirilən birgə iclasında ictimai müzakirəyə çıxarılan “İctimai nəzarət haqqında” qanun layihəsində əksini tapıb. Şura tərəfindən hazırlanan qanun layihəsinə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyəti müvafiq orqan tərəfindən əlaqələndiriləcək.

   Müvafiq orqanın səlahiyyətlərinə Azərbaycanda ictimai nəzarətin həyata keçirilməsində ictimai nəzarət subyektinə metodoloji, təşkilati və texniki dəstək, eyni zamanda ictimai şuralar tərəfindən aparılan ictimai nəzarətin icrasının monitorinqi daxildir. Mərkəzi icra hakimiyyəti orqanlarının İctimai Şura yaratmaqdan yayınmasının da qarşısı alınacaq. Qanun layihəsinə əsasən ictimai nəzarətin həyata keçiriləcəyi mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı müvafiq fərmanla təsdiq ediləcək.

   Sözügedən komitənin sədri Əli Hüseynli bildirib ki, bir xeyli müddət öndə MM-lə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb. Eyni zamanda, ötən dövr ərzində parlamentdə bir sıra qanunlarla bağlı ictimai müzakirələr, dinləmələr təşkil olunub. Həmçinin, ölkə başçısı İlham Əliyevin son illər və xüsusilə, son aylar irəli sürdüyü əsas tezislərdən biri də ictimai nəzarətin təşkil olunması və gücləndirilməsidir: "Məhz həmin tezisin məntiqi nəticəsdidir ki, bu gün millət vəkili Azay Quliyev tərəfindən ictimai nəzarətin gücləndirilməsi ilə bağlı belə bir qanun layihəsi hazırlanıb müzakirələrə çıxarılıb. Biz bu sənədi ictimai müzakirələrə çıxarmazdan öncə isə belə qərarlaşdıq ki, onun dinləmələrinə vətəndaş cəmiyyəti nümayəndələrinə də dəvət edək".

   Adıçəkilən Şuranın sədri Azay Quliyev deyib ki, sözügedən şuraların mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən yaradılmamasını istəyirlər. O, bildirib ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların müvafiq orqan tərəfindən yaradılmasını və fəaliyyətinin də müvafiq orqan tərəfindən əlaqələndirilməsini təklif edirlər: “Bu gün bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şura yaradılıb, bəzilərində yaradılmayıb. Bəzən də bir gündə hansısa mərkəzi və yerli icra hakimiyyəti orqanı formal olaraq İctimai Şura yaradıldığını elan edir. Biz subyektivliyi, formallığı aradan qaldırmaq istəyirik. Ona görə də mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında ictimai şuraların yaradılması və fəaliyyətinin əlaqələndirilməsinin müvafiq orqana həvalə olunmasını təklif edirik”.

   Millət vəkili Fəzail Ağamalı ictimai şuraların yaradılması və fəaliyyətinin əlaqələndirilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə olunmasının qanunda əksini tapmasını istəyib. F. Ağamalı Şuranın bu sahədə fəaliyyəti ilə əlaqədar Azərbaycan prezidenti ilə bərabər, Milli Məclisə də hesabat verməsini zəruri sayıb.

   Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev isə təklif edib ki, ictimai nəzarət təkcə mərkəzi və yerli icra hakimiyyətlərini deyil, qərar verən bütün publik qurumları, o cümlədən, bələdiyyələri də əhatə etsin.

   Millət vəkili Qüdrət Həsənquliyev İctimai Şuraların 5 il ərzində fəaliyyət göstərməsinin qanunda əksini tapmasını təklif edib: "Yəni, hər bir İctimai Şura yalnız 5 il ərzində fəaliyyət göstərməlidir və növbəti müddətdə yerini başqasına verməlidir. Eyni zamanda, İctimai Şuraların sədrləri bir il ərzində və yalnız bir dəfə bu vəzifəni icra etməlidirlər. Həmçinin, İctimai Şuraların tərkibi 12 üzvdən artıq olmamalıdır".


21:31 15.02.2016